CƏMİYYƏT


Mütəxəssislər saçların kerotinlə düzləşdirilməsini məsləhət görmürlər

Bakı, 25 iyun, AZƏRTAC

Keratin saçın, dırnaqların və dərinin təməl proteinidir. Uzun müddət fendən, sacdüzləşdirici vasitələrdən istifadə etdikdə saçın kerotin toxumasında və saçı qoruyan üst təbəqədə yanmalar nəticəsində toxumalar zədələnir və belə olduqda saça kerotin müalicəsi tətbiq edilir. Lakin son vaxtlar əksər hallarda kerotindən saçların düzləşdirilməsi məqsədi ilə istifadə olunur.

AZƏRTAC xəbər verir ki, bu haqda trixoloq Cəmilə Əsgərova məlumat verib.

Trixoloq bildirib ki, saç ustaları kerotindən istifadənin əleyhinə olmasalar da, mütəxəssislər bunu məsləhət görmürlər. Çünki kerotinin tərkibi yüksək faizli peroksiddən ibarətdir. Ona görə də saçın tədricən incəlməsinə, tökülməsinə və zəifləməsinə səbəb olur. 18-19 yaşına kimi saçlara nəinki kerotin, heç boya da sürtmək olmaz. Çünki bu cür vasitələrin hamısı kimyəvi müdaxilə hesab olunur. Saçların düzləşdirilməsi üçün yalnız təbii vasitələrdən istifadə etmək məqbuldur.

C. Əsgərova deyib ki, kerotinlə düzləşdirmə saçlara müəyyən müddət gözəl görünüş verir. Lakin kerotinin tərkibində saçlar üçün ziyanlı olan kimyəvi maddələr də var. Məhz kerotinin tərkibində olan formaldehid kanserogen maddə kimi qəbul edilir. Həmçinin onun tətbiqi zamanı lazım olan yüksək dərəcəli istilik saçın qırılmasına və yanmasına şərait yaradır.

Həkim qeyd edib ki, kerotin saçları yalnız bir neçə aylığa düzləşdirir. Bununla belə kerotinli maddə ilə qıvırcıq, açıq rəngli və boyanmış saçları düzləşdirmək olmaz. Bu, ciddi fəsadlara səbəb ola bilər. Kerotin edilən saç işığı daha yaxşı əks etdirir. Buna görə də saçlar daha parlaq görünür. İstifadə üçün əsasən həmin maddə ilə eyni tərkibdə olan şampun və kremlər məsləhət görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.