CƏMİYYƏT
Mütəxəssislər saçların tökülməsini şərtləndirən altı səbəbi müəyyənləşdiriblər
Bakı, 14 may, AZƏRTAC
Saçlar müxtəlif səbəblərdən tökülür. Mütəxəssislər onlardan altısını müəyyənləşdiriblər.
AZƏRTAC xəbər verir ki, bu sahə üzrə tədqiqatçılar kişilərdə saç tökülməsinə ən çox təsir edən amillərdən birini genetika ilə əlaqələndirirlər. İnteqral Dermatologiya İnstitutunun mütəxəssislərinin fikrincə, kişilərdə saç tökülməsinin əsas səbəbi “androgenetik alopesiya” adlanan xəstəlikdir. “MedikForum” nəşri onlara istinadən yazır ki, bu, həyatının müəyyən mərhələsində kişilərin 75 faizə qədərini əhatə edir.
Tədqiqatçılar saçların seyrəlməsinin əsas səbəbləri arasında narahatlıq, narahatlığa meyil və stresi də göstərirlər. “Aderans|Bosley” klinikasının həkimləri stresin anormal saç tökülməsi və saç böyüməsini iflic etməsi barədə xəbərdarlıq edirlər.
Yaz və payızda saçlar daha intensiv tökülməyə başlayır. Mütəxəssislər qeyd edirlər ki, bu, saçların yenilənməsi prosesini aktivləşdirir.
Saç tökülməsinin digər, bəzi hallarda isə əsas səbəbi otoimmün xəstəliklərdir. Məsələn, lupus eritematosus keçəlliyə səbəb ola bilər.
Bəziləri hesab edirlər ki, saç tökülməsi koronavirusun fəsadlarından biri sayılır. Proses gözlənilmədən xəstəlik keçdikdən iki-üç ay sonra başlaya bilər. Postcovid alopesiyasının COVID-19-dan sağalmış insanların 20 faizindən çoxuna təsir etdiyi bildirilir.
İnteqral Dermatologiya İnstitutunun mütəxəssisləri onu da qeyd edirlər ki, alopesiya birbaşa insanın yaşı ilə bağlı ola bilər. Onların fikrincə, dəri kimi, saçlar da illər keçdikcə qocalır və gənclik xüsusiyyətlərini itirir: incələşir, kövrək olur və daha çox tökülür.