CƏMİYYƏT
Muxtar Babayev: Meşələrin invertarlaşdırılması proqramlarının icrasına başlanılıb
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) “Milli Meşə Proqramının (MMP) yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması” mövzusunda Milli Meşə Siyasəti Dialoqu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, FAO-nun meşə və oduncaq bölməsinin müavini Əkrəm Yazıcı, FAO-nun Mərkəzi Asiya üzrə subregional ofisinin meşə mütəxəssisi Peter Peçaçek, beynəlxalq və yerli qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Muxtar Babayev meşə fondunun inkişafı, meşələrin qorunması, sahələrinin artırılması istiqamətində görülən işlərdən bəhs edib. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini vurğulayan nazir tədbirin təcrübə mübadiləsinə və gələcəkdə meşələrin qorunması istiqamətində görüləcək işlərə müsbət təsir edəcəyini diqqətə çatdırıb. “Meşəçilik sektorunun inkişafına həsr olunmuş bir neçə proqram var. Nazirliyin əmri ilə artıq meşələrin invertarlaşdırılması proqramlarının icrasına başlanılıb. Proqramlar çərçivəsində meşə fondu əraziləri dəqiqləşdiriləcək və xəritələşdiriləcək. Bu sahədə düzgün təcrübəni öyrənmək və doğru metodları tətbiq etməyi qarşımıza məqsəd qoymuşuq. Buna görə də FAO-nun təcrübə və tövsiyələrindən yararlanmaq niyyətindəyik”, - deyə nazir qeyd edib.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak meşələrin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını və lakin meşə sahəsinin digər ölkələrlə müqayisədə az olduğunu deyib: “Hazırda mövcud meşə sahələrində monitorinqlərin aparılması, onların idarə olunması, bərpası, yeni meşə zolaqlarının salınması olduqca vacibdir. Burada başlıca məqsəd meşəçilik sektorunun inkişafına dəstək vermək, meşələrin dayanıqlı idarə olunması üçün yanaşma ortaya qoymaq, bu sahədə bütün maraqlı tərəflərin fikirlərini öyrənmək və dünya təcrübəsini paylaşmaqdır. Təşkilatımız yaşıllıq və meşə zolaqları salan ölkələrdən öz dəstəyini əsirgəmir. FAO Azərbaycanda meşəçilik sektorunun inkişafı, qorunması və sistemli idarə olunması məqsədilə ETSN ilə birgə yeni layihələr həyata keçirəcək”.
M.Çakmak hazırda Azərbaycanda icra olunan layihə ilə bağlı da danışıb. O bildirib ki, Qax və Ağdaş rayonlarında meşə idarəetmə planlarının həyata keçirilməsi, həmin ərazilərdə meşəbərpa işlərinin aparılması, kənd icmalarının meşələrə olan mənfi təsirinin azaldılması istiqamətində tədbirlər görülür.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan və Türkiyə arasındakı münasibətlərdən danışıb, digər sahələrdə olduğu kimi, meşəçilik sahəsində də əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
FAO-nun meşə və oduncaq bölməsinin müavini Əkrəm Yazıcı, FAO-nun Mərkəzi Asiya üzrə subregional ofisinin meşə mütəxəssisi Peter Peçaçek meşələrin əhəmiyyətindən bəhs edib, mütəxəssislərin təkliflərinin dinləniləcəyini və lazımi dəstəyin göstəriləcəyini bildiriblər.
Sonra Əkrəm Yazıcı gündəlik və proqram haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Milli Meşə Proqramı 2030-cu ilədək müddəti əhatə edir. MMP-nin əsas məqsədi uzun müddətli ölkənin meşələrinə dair ictimai gözləntilərin dayanıqlılığını təşviq etmək, meşə təsərrüfatının idarə edilməsi və hökumətin meşə siyasətini, sürətli struktur dəyişikliklərini reallaşdırmaq, milli meşələrin idarə edilməsi üzrə institusional və hüquqi bazanın inkişafı üçün çətinlikləri və inkişaf vasitələrini aşkarlamaqdır.
Tədbir bir sıra mövzular ətrafında müzakirə və təqdimatlarla davam edib.
Milli Meşə Siyasəti Dialoqunun iki gün keçirilməsi nəzərdə tutulub.