ELM VƏ TƏHSİL
“Muxtar Kazım oğlu İmanov. Biobiblioqrafik göstərici” kitabı çapdan çıxıb
Bakı, 11 iyul, AZƏRTAC
“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun həyatı və elmi yaradıcılığına həsr olunmuş “Muxtar Kazım oğlu İmanov. Biobiblioqrafik göstərici” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan kitabın tərtibçisi Folklor İnstitutunun böyük elmi işçisi Nailə Əsgər, elmi redaktoru Kəmalə Məmmədovadır.
Nəşrdə Muxtar İmanovun həyatı və elmi fəaliyyətinin əsas tarixləri, əsərlərinin biobiblioqrafiyası - kitab, məqalə və məruzələri, həmçinin alim haqqında yazılmış mənbələr və s. yer alıb. Akademikin əsərlərinin biobiblioqrafik göstəricisi 1972-2018-ci illəri əhatə edir. Burada Muxtar İmanovun həyatı, yaradıcılığı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixlərinə diqqət yetirilib. Həmçinin alimin monoqrafiyaları, tərtib etdiyi və nəşrə hazırladığı kitablar, dövri mətbuat səhifələrində, ədəbi-bədii toplularda dərc olunmuş elmi, publisistik və ədəbi yazıları, bədii tərcümələri, müsahibələri, eləcə də elmi rəhbər, rəsmi opponent olduğu və rəy verdiyi dissertasiyalar qeyd edilib.
Alimin türk və rus dillərindəki məruzə, məqalə və tezislərinin çap olunduğu kitabların, redaktə etdiyi, rəy verdiyi kitabların adları da vəsaitdə öz əksini tapıb. Onun Azərbaycan elminin inkişafında rolu, xüsusən Folklor İnstitutunun direktoru olduğu illərdəki fədakar əməyi unudulmayıb. Yaradıcılığı haqqında Azərbaycan və əcnəbi alimlər tərəfindən müxtəlif səpkidə yazılmış məqalələrin adları vəsaitdə ayrıca bölmədə yer alıb. Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə sonda Muxtar İmanovun əsərlərinin, həmçinin müştərək müəlliflərin əlifba göstəriciləri də təqdim edilib.
Kitab folklorşünaslıq və ədəbiyyatşünaslıq sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.