REGİONLAR
Muxtar Məmmədov: Hər sətrindən qələbə əzmi yüksələn müraciətlər tarixi sənədlərdir
Naxçıvan, 29 oktyabr, AZƏRTAC
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının xalqa hər sətrindən qələbə əzmi yüksələn müraciətləri tarixi sənədlərdir, hər bir azərbaycanlı bu müraciətləri əzbər bilir və yeni müraciət gözləyir. Çünki hər müraciətin ya əvvəlində, ya da sonunda 30 ildir həsrətində olduğumuz, işğaldan azad edilmiş ünvanlar sadalanır. Azərbaycan bayrağının sancıldığı ünvanlar sürətlə artır. O bayrağın işğal altında olan digər torpaqlarımızda bir daha yüksələcəyi gün isə uzaqda deyil.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Şərq qapısı” qəzetinin məsul katibi, tədqiqatçı-jurnalist Muxtar Məmmədov söyləyib. O Prezidentin xalqa müraciətində BMT Təhlükəsizlik Şurası qətnamələrinin 27 ildir kağız üzərində qaldığını, danışıqlarda daim konstruktiv və ədalətli mövqe nümayiş etdirdiyimizi, ancaq bunun müqabilində təcavüzkarın daha da azğınlaşdığını gördüyümüzü vurğulayıb.
Muxtar Məmmədov qeyd edib ki, Azərbaycan dövləti ərazi bütövlüyümüzün qorunması məsələsində daim prinsipial mövqe nümayiş etdirib. Ancaq ermənilər və onların havadarları bəlkə də ordumuza əks-hücum əməliyyatının keçirilməsi barədə tapşırığın veriləcəyinə inanmırdılar. Qondarma “Dağlıq Qarabağ respublikası”na “prezident” seçirdilər, iqamətgahı Şuşaya köçürürdülər, Ermənistan baş naziri Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edirdi. Başları insan ağlına sığmayan cinayətlərə qarışmış erməniləri – bu “məzlum” xalqı isə bəzi beynəlxalq təşkilatların dedikləri “münaqişənin hərbi həlli yoxdur” qənaətinə inandıra bilmişdilər. Bu gün görünən dağa bələdçi lazım deyil.
Muxtar Məmmədov deyib: “Ölkə başçısı daha bir müraciətində bu müddət ərzində erməni vandallarının şanlı ordumuz tərəfindən sıradan çıxarılmış və qənimət kimi ələ keçirilmiş hərbi silah-sursat barədə dəqiq rəqəmləri xalqımızın diqqətinə çatdırıb və bu silah-sursatın haradan və hansı pullarla alındığını, kimlər tərəfindən verildiyini sual edib. Müzəffər Ali Baş Komandan Azərbaycanın silah-sursat almaq üçün yetərincə pulunun olduğunu və kimlərdən silah-sursat aldığının şəffaf olduğunu vurğulayıb, bizim bu sahədə heç kimdən asılı olmadığımızı qeyd edib. Borc içində olan, müflisləşən Ermənistanın xarici dövlət borcunun təxminən 8 milyard dollar, valyuta ehtiyatlarının isə 1,5 milyard dollar olduğunu diqqətə çatdıran Prezidentimiz bu qədər silahı ermənilərin haradan aldığını soruşanın niyə olmadığını dilə gətirib. Həqiqətən də çox haqlı sualdır. Səni dilənəsən, ancaq qiyməti milyonlarla hesablanan silahlar alasan. Həm də bir deyil, iki deyil, onlarla, yüzlərlə. Dilənçi bu qədər pulu haradan tapıb? Təbii ki, silahlar ona müftə verilib”.
Muxtar Məmmədov Prezidentimizin qətiyyətli mövqeyi və müzəffər ordumuzun rəşadəti sayəsində düşmən tapdağı altındakı torpaqlarımızın tezliklə qaytarılacağı günün yaxında olduğunu deyib vurğulayıb və Prezidentimizin xalqa müraciətində dediyi bu sözlərlə fikrini tamamlayıb: “Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana hər tərəfdən. Əl-ayağa düşdülər. Bəs nə oldu? İyirmi səkkiz il bu məsələni belə süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın!”.