REGİONLAR
Muxtar respublika birinciliyinin qalibi Sədərək voleybolçuları olub
Naxçıvan, 24 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində qızlardan ibarət voleybol komandaları arasında muxtar respublika açıq birinciliyinə yekun vurulub.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışa şəhər və rayonlardan, ümumilikdə, 9 komanda qatılıb.
Dairəvi sistem üzrə iki yarımqrupda oynanılan birincilikdə yüksək göstəriciyə nail olan 4 komanda yarımfinal mərhələsində mübarizəyə davam edib. Bu mərhələni qalib kimi tamamlayan “Sədərək” və “Culfa” komandaları həlledici final görüşündə bir-birinə rəqib olub. Qarşılaşmada üstün oyun nümayiş etdirən sədərəkli məktəblilər birincilikdə qalib gəlib. Culfa təmsilçiləri ikinci yerdə qərarlaşıb. Üçüncülük oyununda “Naxçıvan-1” ilə görüşdə qələbə qazanan “Kəngərli” bürünc medallara sahib çıxıb.
İlk üçlükdəki kollektivlər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Sədərək voleybolçularına yarışın əsas mükafatı – kubok təqdim edilib.
Qeyd edək ki, regionda qadın voleybolunun inkişaf etdirilməsi, kütləviliyin təmin olunması və idmançıların oyun təcrübəsinin artırılması məqsədilə keçirilən birincilik Gənclər və İdman, Təhsil nazirlikləri və Voleybol Federasiyası tərəfindən birgə təşkil olunub.