REGİONLAR
Muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib
Naxçıvan, 21 yanvar, AZƏRTAC
Ötən il ərzində şəhərdaxili nəqliyyatda istifadə edilməsi üçün ötən il Çin Xalq Respublikasının istehsalı olan 6 ədəd “King-Long” markalı yeni avtobus və onlara aid ehtiyat hissələri alınaraq muxtar respublikaya gətirilib. Bununla da muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, fəaliyyətdə olan 135 marşrut xəttində 313 ədəd avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində 2020-ci ilin yekunu və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə səsləndirilib.
Müşavirədə xidmətin rəisi Əli Hüseynəliyev çıxış edərək bildirib ki, hesabat dövründə ailə təsərrüfatı ilə məşğul olan sahibkarların istehsal etdikləri məhsulların Naxçıvan şəhərindəki kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına daşınmasına köməklik göstərilməsi məqsədilə iyul ayından etibarən hər həftənin şənbə günləri Şərur-Naxçıvan və əks istiqamətdə iritutumlu avtobuslar fəaliyyət göstərməyə başlayıb, ümumilikdə, 683 ailə təsərrüfatçısına məxsus 11 min 350 kiloqram kənd təsərrüfatı məhsulları yarmarkaya daşınıb. Bu işlərin davamı olaraq avqust ayının 31-dən etibarən Naxçıvan-Culfa-Ordubad və əks-istiqamətdə iritutumlu avtobuslarla sərnişindaşıma xidməti təşkil edilib.
Vurğulanıb ki, 2020-ci ilin yanvar ayından etibarən Naxçıvan şəhərində məskunlaşmanın sıx olduğu ərazilərdən sayılan Xətai və 21-ci məhəllə sakinlərinin ictimai nəqliyyata olan tələbatını asanlaşdırmaq məqsədilə 9 nömrəli marşrut fəaliyyətə başlayıb, iyun ayının 1-dən etibarən isə şəhərdaxili nəqliyyatda mikrorayonla Sahil Parkını birləşdirən mövsümi 10 nömrəli marşrut xətti istifadəyə verilib.
Sonra məruzə ətrafında çıxışlar olub.