REGİONLAR
Muxtar respublika əhalisi şaxtalı günlərdə də təbii qazla fasiləsiz təmin edilir
Şahbuz, 3 fevral, AZƏRTAC
Muxtar respublikada təbii qaz kəmərlərinin korroziyaya uğrayan hissələrinin dəyişdirilməsi və qaz sızmalarının aradan qaldırılması işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, “Naxçıvanqaz” İstehsalat Birliyinin təmir briqadası Şahbuz rayonunda istismara yararsız orta və yüksəktəzyiqli qaz boru xətlərinin yenilənməsi və təmir-bərpa işlərini həyata keçirir.
Mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatmış xətlər yeniləri ilə əvəz olunur. İstehsalat Birliyinin Əsaslı Təmir və Tikinti şöbəsinin müdiri Əli Səfərlinin verdiyi məlumata görə, Şahbuz şəhərində yağış və sel suları nəticəsində torpaq altında qalan daşıyıcı və paylayıcı qaz boru xətləri qazılaraq çıxarılıb. Həmin qaz boru xətlərinin yeri dəyişdirilərək yeni dayaqlar vurulub, boyama işləri həyata keçirilib. Avtomobil yollarının keçdiyi ərazidə yeraltı keçidlər arka keçidləri ilə əvəz edilir.
Qeyd edək ki, 2017-ci ildə Şahbuz rayonunda köhnə boruların təmir-bərpası üçün 2 min 256, boruların yerinin dəyişdirilməsi üçün isə 976 poqonometr boru istifadə olunub. Ümumilikdə, 2016-cı ildə qaz boru xətlərinin təmir-bərpası məqsədilə 110 min 867 paqonometr müxtəlif ölçülü boru istifadə edilib.
Əli Səfərli əlavə edib ki, əhali davamlı olaraq təbii qazdan istifadə edir və qazın nəqlində heç bir narahatçılıq yaşanmır. Hazırda Babək rayonunun Babək qəsəbəsində, Culfa rayonunun Yaycı kəndində, Ordubad rayonunun Şəhriyar qəsəbəsində də yeraltı keçidlər yerüstü keçidlərlə əvəzlənir.