REGİONLAR
Muxtar respublika müəllimləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
Hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
Bir xalqın, millətin formalaşmasının əsas mənbəyi elm və təhsildirsə, elmin inkişaf etdirilməsinin, müxtəlif istiqamətlərdə və peşələrdə xalqa layiqli vətəndaşlar yetişdirilməsində əldə olunan nailiyyətlərin mənbəyi isə məhz müəllimdir.
Ulu Öndərin təhsilə, müəllim əməyinə qayğıkeş münasibəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Müəllimlər cəmiyyətin nüfuzlu şəxslərindən hesab olunurlar. “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”, – deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə böyük hörmətlə yanaşıb, onların əməyini yüksək qiymətləndirib. Ulu Öndərin təhsilə, müəllim əməyinə qayğıkeş münasibəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qanunvericilik bazası təkmilləşdirilir, dövlət proqramları qəbul olunaraq icra edilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, artıq Azərbaycan dünyada sabitliyin təmin olunduğu və iqtisadiyyatı inkişaf edən ölkə olmaqla yanaşı, həm də elm və təhsil ölkəsi kimi tanınır.
Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilib istifadəyə verilib
Naxçıvan Muxtar Respublikasında da təhsil sahəsində ardıcıl tədbirlər görülür. Muxtar Respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilib istifadəyə verilib. Təkcə 2019-cu ilin ötən dövründə 4 tam orta məktəb binası istifadəyə verilib, hazırda 8 ümumtəhsil müəssisəsi üçün binaların tikintisi davam etdirilir.
Muxtar respublikanın ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan 5500-dən artıq kompüter və 600-dən çox elektron lövhə quraşdırılıb, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilib, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin edilib. Məktəblərimizdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanılıb, qabaqcıl tədris metodlarının, o cümlədən distant təhsilin tətbiqinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası bütün təhsil müəssisələrində təhsilin keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib, yeni təlim üsullarının tətbiqinə əlverişli şərait yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər.
Ötən tədris ilinin nəticələri: 281 məzun 500-700 arası bal toplayıb, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb
Bu gün mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət, təhsil müəssisələrində yaradılan müasir şərait müəllim əməyinin bəhrələrini daha da artırır, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır. 2018-2019-cu tədris ilində qəbul imtahanlarında yüksək nəticələr əldə edilib, məzunlardan 1540-ı ali məktəblərə, 244-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Onlardan 281-i 500-700 arası bal toplayıb, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli qərarına uyğun olaraq pedaqoji kadrların müsabiqə ilə işə qəbulu həyata keçirilir. Bu isə gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açıb. 2018-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələrdə yüksək nəticə göstərən 215 müəllim işlə təmin olunub. Hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən müəllimlərə həvəsləndirmə tədbirləri tətbiq edilir.
Bilikli, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişdirən müəllimlərin əməyi dövlətimiz tərəfindən qiymətləndirilib. Muxtar respublikanın təhsil müəssisələrində çalışan müəllimlərdən 117-si “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 187-si isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 108 müəllim “Tərəqqi” medalı ilə təltif olunub.
Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb
Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılıb. Həyata keçirilən tədbirlər müəllim nüfuzunu artırıb, onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub. Görülən işlərin nəticəsidir ki, müəllim olmaq istəyənlərin sayında hər il artım müşahidə edilir. Ötən tədris ilində 740 məzunun pedaqoji profilli ixtisasa qəbul olunması bunun əyani ifadəsidir.
Elmi-praktik konfranslar keçirilir, yeni layihələr reallaşdırılır
Son illər muxtar respublikada təhsil sistemində aparılan islahatlar müəllim hazırlığı sahəsini də əhatə edir. Bu gün ali təhsil müəssisələrində müəllim hazırlığı sahəsində mühüm işlər görülür. Eyni zamanda onların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müəllim hazırlığına yeni yanaşmaları əks etdirən kurslar təşkil edilir, təlimin təşkilində nəzərdə tutulmuş məqsədlərə nail olunması, nəticələrin əldə edilməsi və müəllimlər arasında təcrübə mübadilələrinin aparılması üçün elmi-praktik konfranslar keçirilir. Naxçıvan Dövlət Universitetində kimya, biologiya və fizika fənləri üzrə ixtisasartırma kursları, Naxçıvan Müəllimlər İnstitutunda isə “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması”, “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədrisin təşkili və səmərəliliyinin artırılması yolları” və digər mövzularda elmi-praktik konfranslar təşkil olunub.
Bu gün təhsildə “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Elektron universitet”, “Distant təhsil”, “Dərsdən sonra” və “Sabahın müəllimi” layihələri tətbiq olunur. İxtisaslı müəllim hazırlığını yaxşılaşdırmağa xidmət edən “Sabahın müəllimi” layihəsi çərçivəsində pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə mütəmadi olaraq təhsildəki yeniliklər haqqında məlumatlar verilir, təcrübəqabağı konfranslar təşkil olunur, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçmələrinə şərait yaradılır, kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə ali təhsil müəssisələrinə dərslik və metodik vəsaitlərin verilməsi təmin edilir.
AZƏRTAC-ın Naxçıvan bürosu