REGİONLAR


Muxtar respublika qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır

Naxçıvan, 8 mart, AZƏRTAC

8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dünyada, eləcə də ölkəmizdə qadınlara verilən dəyəri, göstərilən ehtiramı özündə əks etdirir.

Naxçıvan Muxtar Respublikası Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ölkəmizdə, o cümlədən onun Naxçıvan Muxtar Respublikasında qadınların cəmiyyətdə rolu gündən-günə möhkəmlənir. Azərbaycanda qadın adının həmişə uca tutulduğunu, qadına böyük ehtiram göstərildiyini bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib: “Azərbaycan qadınının ictimai həyatımızdakı dünənki, bugünkü mövqeyi dilimizə, Vətənimizə, torpağımıza, dövlətimizə, milli dəyərlərimizə və azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi olmuş və gələcəkdə də olacaqdır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin yaradılması muxtar respublikada qadınlara göstərilən diqqətin, onlara verilən dəyərin, hüquqların qorunmasına göstərilən qayğının təzahürüdür.

Muxtar respublika əhalisinin 231 min 21 nəfəri, yəni 50 faizi qadındır

Muxtar respublika əhalisinin 231 min 21 nəfəri, yəni 50 faizi qadındır. Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyətinin ildən-ilə artması muxtar respublikada həyata keçirilən qadın siyasətinin uğurlu nəticəsidir. Statistik rəqəmlər də bunu təsdiqləyir: hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24 faizini qadınlar təşkil edir. Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır. Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsil olunmaları da özünü müsbət yöndə göstərməkdədir. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 24 min 931-i, yəni 44 faizi qadındır ki, onların da 104-ü ərazi ilk partiya təşkilatının sədridir. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 221-ni qadınlar təşkil edib ki, onların da 9-u bələdiyyə sədridir.

Naxçıvan qadınları muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Belə ki, muxtar respublikada Ombudsman, nazir, komitə sədri və müavinləri, icra başçılarının müavinləri, rektor, hakim və vəkil vəzifələrində çalışan qadınlarımız da vardır. Həmçinin dövlət qulluğunda işləyənlərin 23, təhsil sahəsində işləyənlərin 70, mədəniyyət sahəsində işləyənlərin 64, səhiyyə və sosial təminat sahəsində işləyənlərin isə 82 faizi qadındır. Təhsil, mədəniyyət, səhiyyə və sosial xidmət müəssisələrində 112 qadın rəhbər vəzifələrdə çalışır. Muxtar respublikada qadınlarımızın idmana cəlb edilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, muxtar respublikada 9 mindən artıq qadın idmanla məşğul olur ki, bu da idmanla məşğul olanların 26 faizi deməkdir.

Elmi dərəcəsi olan şəxslərin 33 faizi qadınlardır

Naxçıvan qadınları Azərbaycan elminə mühüm töhfələr verərək elmi dərəcələr alıblar. Belə ki, muxtar respublikada elmlər doktorlarının 4-ü, fəlsəfə doktorlarının isə 100-ü qadındır. Bu da ümumi elmi dərəcəsi olan şəxslərin 33 faizini təşkil edir. 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin 54 faizini, yəni 830-nu qızlar təşkil edib ki, bunların içərisində 500-700 intervalında bal toplayanların 164-ü, yaxud 60 faizi qızlar olub.

Qadınların sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunub.

Qadınların məşğulluğu təmin olunur

Qadınların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri üçün də bir sıra tədbirlər görülür, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma və sair peşə kursları təşkil olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində işlər və sosial layihələr həyata keçirilir. Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların rifah hallarının yüksəldilməsi üçün istedadlı qadınların əl işlərindən ibarət yaradıcılıq müsabiqələri, sərgi-satışlar təşkil olunur, mədəni-kütləvi tədbirlərdə onların əsərləri nümayiş etdirilir. İstedadlı, eləcə də sağlamlıq imkanları məhdud, aztəminatlı ailənin üzvü olan qadınların əl işlərinin sərgi-satışı təşkil olunur, bu sərgi-satışlarda əl işləri satılaraq sahiblərinə ödənilir.

Muxtar respublikada 102 qadına sərmayə kapitalı verilib

Naxçıvan Muxtar Respublikasında qadınların özünüməşğulluqlarının artırılması, eyni zamanda, mikrosahibkarlıq fəaliyyətlərinin genişləndirilməsi üçün qrant layihələr həyata keçirilir. Belə ki, 2019-cu və 2020-ci illərdə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “genderə həssas dayanıqlı İnkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqrama əsasən Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi çərçivəsində qadınların maliyyə savadlılığının artırılması üçün təlimlər təşkil olunub, 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilib. Həmçinin aztəminatlı və sağlamlıq imkanları məhdud olan qadınların peşə kurslarına cəlb olunmaları üçün tədbirlər görülüb.

7 min 390 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur

Muxtar respublikada davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin artırılmasında və sosial rifahın yüksəldilməsində qadınlarımızın xüsusi rolu vardır. Hazırda muxtar respublikada 7390 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur ki, bu da ötən illə müqayisədə 723 nəfər çoxdur. Son illər ərzində muxtar diyarımızda yüzlərlə yeni ailə təsərrüfatları formalaşıb. Ailə təsərrüfatlarının genişləndirilərək sahibkarlıq subyektlərinə çevrilməsi istiqamətində ötən müddət ərzində muxtar respublikada 1040 ailə təsərrüfatı qeydiyyata alınıb ki, bunun da 79-u qadınlar tərəfindən idarə olunur.

Muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, muxtar respublika qadınlarının 170-i Azərbaycan Respublikasının, 181-i isə Naxçıvan Muxtar Respublikasının fəxri adına və mükafatına layiq görülüb, 153 qadın orden, medal və nişanlarla təltif olunub.

Naxçıvanda qadınlar daimi qayğı ilə əhatə olunublar

Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: “Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini davamlı dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər”.

Hər bir Azərbaycan qadını kimi, muxtar respublika qadınlarının da bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Öz sələflərinin yolunu böyük ənənəvilik prinsipi ilə davam etdirən muxtar respublika qadınlarının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına əsaslı təminatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.