REGİONLAR
Muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri texniki baxışdan keçirilir
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti tərəfindən nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətinin təmin edilməsi, xəttə çıxacaq nəqliyyat vasitələrinin sazlığının yoxlanılması, eləcə də payız-qış mövsümünün uğurla başa vurulması üçün sentyabrın 20-dən etibarən sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki baxışdan keçirilməsinə başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ilk olaraq muxtar respublikanın ucqar dağ və sərhəd kəndlərinə işləyən avtobuslara texniki baxış həyata keçirilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün sürücülərə lazımi köməklik göstərilib. Oktyabr ayının sonunadək muxtar respublika daxilində 131 marşrut xətti üzrə fəaliyyət göstərən 313 avtobusun hamısı texniki baxışdan keçiriləcək.
Rayondaxili marşrutların texniki baxışı isə müvafiq avtovağzallarda aparılacaq. Görülən tədbirlər çərçivəsində avtovağzallarda istilik sistemlərinin işə salınaraq işlək vəziyyətə gətirilməsi və çatışmazlıqların aradan qaldırılması da nəzərdə tutulub.
Qeyd edək ki, sərnişindaşıma xidməti göstərən taksi minik avtomobillərinin texniki baxışına isə oktyabr ayında başlanılacaq.