REGİONLAR


Muxtar respublikada 1076 ailənin özünüməşğulluğu təmin olunub

Naxçıvan, 17 iyun, AZƏRTAC

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada aktiv məşğulluq tədbirlərinin icrası davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 31 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Bu ailələrin üzvlərindən 18 nəfərin hər birinə 2 baş iribuynuzlu, 4 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 4 nəfərə otbiçən aqreqat, 3 nəfərin hər birinə 10 yeşik arı ailəsi və ləvazimatları, 1 nəfərə inkubator və quş tükü təmizləyən aparat, 1 nəfərə isə bərbər-manikürçü avadanlıqları və ləvazimatları verilib. Özünüməşğulluğu təmin edilmiş ailələrdən 2 nəfərini şəhid ailəsi üzvləri, 6 nəfərini müharibə veteranı, 3 nəfərini nikahı pozulan, 4 nəfərini ailə başçısını itirən, 18 nəfərini isə sağlamlıq imkanları məhdud olan şəxslər təşkil edib. Eyni zamanda, təsərrüfatını nümunəvi inkişaf etdirən bir nəfər həvəsləndirmə tədbirlərinə cəlb olunub və ona bu məqsədlə arpa-buğda qıran aqreqat verilib.

Bir müddətdir proqramın icrasında bir sıra kommersiya təşkilatları və sahibkarlıq subyektləri də sosial tərəfdaş qismində iştirak edir. Bu mərhələdə, sosial qayğıya ehtiyacı olan 6 ailə Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanmış memorandum çərçivəsində müvafiq aktivlərlə təmin olunub. Bu ailələrin üzvlərindən 1 nəfərə kiçik dəmirçi sexi üzrə avadanlıqlar, 5 nəfərə isə dərzi avadanlıqları və ləvazimatları verilib.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən isə 10 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib. Bu ailələrin üzvlərindən 4 nəfərin hər birinə 2 baş iribuynuzlu, 5 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 1 nəfərə isə 10 yeşik arı ailəsi verilib.

Aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazir qeyd edib ki, bu günədək, ümumilikdə 5000 nəfərə yaxın ailə üzvü olan 1076 ailənin özünüməşğulluğu təmin edilib, bu ailələrdən 920-nə heyvandarlıq, 156 ailəyə isə xidmət, istehsal və digər sahələr üzrə aktivlər verilib. Bununla yanaşı, verilmiş aktivlərdən təyinatına uyğun istifadə və digər zəruri işlərlə bağlı proqrama cəlb edilən sakinlərlə maarifləndirici görüşlər təşkil olunub.

Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sosial-iqtisadi inkişafın insanların real həyatında da öz əksini tapdığını deyən iqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikada həyata keçirilən sosial layihələrdə sahibkarlıq subyektlərinin iştirakının əhəmiyyətindən danışıb, bu kimi təşəbbüslərin gələcəkdə daha da geniş vüsət alacağına əminliyini ifadə edib.

Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsinin sədri Elçin Əliyev qeyd edib ki, idarə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma əsasən, muxtar respublikanın bank sektorunun da sosial layihələrin reallaşdırılmasında iştirak etmək imkanı var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev isə ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən və əldə olunan nəticələrdən danışıb.

Özünüməşğulluq proqramının icrasında sosial tərəfdaş qismində iştirak edən sahibkar Namiq Novruzov, muxtar respublikada sahibkarlara göstərilən dövlət dəstəyindən danışıb, yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Daha sonra yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.

Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.