REGİONLAR


Muxtar respublikada 10 ildə 863 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub

Naxçıvan, 7 oktyabr, AZƏRTAC

Son illərdə muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı daha da yaxşılaşdırılıb.

Avtomobil yollarının yenidən qurulması muxtar respublikada iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, həm də insanların rahatlığına xidmət edir. Ölkə başçısı İlham Əliyevin Naxçıvana səfəri zamanı dediyi kimi: “Yollar çox keyfiyyətlə tikilir, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq, keyfiyyət də yerindədir”.

Naxçıvanda 208,2 kilometr magistral avtomobil yolu yenidən qurularaq istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumatına əsasən, muxtar respublikanın əsas magistral yollarından olan, beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları və 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu yenidən qurularaq istifadəyə verilib.

Babək rayonunda uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək şəhəri-Nehrəm qəsəbə-Araz kənd dairəvi avtomobil yolu, Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu və digər avtomobil yolları yenidən qurulub. Ümumilikdə, 2011-ci ildən 2020-ci ilin sonuna muxtar respublikada 863 kilometr uzunluğunda avtomobil yolları yenilənib.

Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin günün tələbləri səviyyəsində qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilib, əhalinin marşrutlardan səmərəli istifadəsi üçün hərtərəfli şərait yaradılıb. Bu sahənin inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər, istifadəyə verilən yeni avtobus və mikroavtobuslar yaranan sərnişin sıxlığının aradan qaldırılmasında mühüm rol oynayır. Sərnişinlərin rahatlığını təmin etmək üçün isə Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri fəaliyyət göstərirlər.

Aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb

Muxtar respublikada hava nəqliyyatının inkişafı istiqamətində ardıcıl tədbirlər aparılıb, yeni inzibati bina inşa olunub. Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, təyyarə uçuşlarının təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə Şərq və Qərb terminalları istifadəyə verilib, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağı yenidən qurulub.

Dövlət Statistika Komitəsinin məlumatında görə, yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb.

Beynəlxalq Hava Limanında yüklərin təhlükəsiz daşınması və qəbulu məqsədilə yük terminalı yenidən qurulub, maşın və mexanizmlər üçün qaraj kompleksi yaradılıb.

Rayonlarda əhalinin bilet təminatını ödəmək üçün Şərur, Ordubad və Şahbuz şəhərlərində aviakassa binaları istifadəyə verilib.

Muxtar respublikada əhaliyə göstərilən taksi xidmətinin səviyyəsinin yüksəldilməsi, eləcə də operativ və keyfiyyətli fəaliyyətin təmin edilməsi məqsədilə innovasiyaya əsaslanan “Elektron taksi xidməti” yaradılıb. Şəhərdaxili və beynəlxalq marşrutda fəaliyyət göstərən avtomobillərin iş qrafikinə və təhlükəsizliyinə nəzarət olunması məqsədilə yeni nəsil texnologiyası olan “Naxtel” 4G GPS monitorinq izləmə sistemi quraşdırılıb. Eyni zamanda Türkiyə Respublikası və Naxçıvan-Bakı-Naxçıvan istiqamətində avtobus marşrutlarının fəaliyyətləri davam etdirilir.

Cari ilin yanvar-avqust aylarında Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının və Şərur şəhərində Avtovağzal binasının tikintisi davam etdirilir.

Dəmir yolu infrastrukturu yenidən qurulub

Muxtar respublikada nəqliyyatın digər bir sahəsi olan dəmir yolunun inkişafı da diqqətdə saxlanılıb, infrastruktur yenidən qurulub. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında rabitə qovşağı anbarının əsaslı təmiri başa çatdırılıb, polis şöbəsi üçün inzibati binanın tikintisi, nəzarət-ölçü cihazları sexinin əsaslı təmiri, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposu binasının və təmir sexinin yenidən qurulması davam etdirilir.

Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin inşası, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması işləri də görülür.

Yük və sərnişin daşınmasından əldə olunan gəlir 42,2 faiz artıb

Bu ilin yanvar-avqust aylarında muxtar respublikada nəqliyyat sektorunda 10 milyon 699 min ton yük, 69 milyon 922 min 500 nəfər sərnişin daşınıb. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 37,3 faiz, sərnişin daşınması isə 33,7 faiz artıb.

Yük və sərnişin daşınmasından, bütövlükdə, 36 milyon 71 min 100 manat gəlir əldə olunub ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,2 faiz çoxdur.

Müasir yol-nəqliyyat sisteminin qurulmasına 38 milyon 512 min manatdan çox vəsait yönəldilib

Muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması məqsədilə 2021-ci ilin yanvar-avqust aylarında bu sahəyə 38 milyon 512 min 200 manat vəsait yönəldilib.

Muxtar respublikada yol infrastrukturunun yaradılmasının əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri deyib: “Yolların yenidən qurulması abadlığın əsasını təşkil edir”. Bu istiqamətdə cari ilin ötən dövründə Culfa-Ordubad magistral avtomobil yolunun, Naxçıvan şəhərində avtomobil yolunun, Şərur şəhərinə giriş və daxili avtomobil yollarının, Ordubad rayonunun Yuxarı Əndəmic-Nüsnüs, Ordubad şəhəri-Aşağı Əndəmic və Şərur rayonunun Şəhriyar kənd avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması başa çatdırılıb.

Ordubad rayonunun Nüsnüs kəndində bir körpünün tikintisi, bir körpünün təmiri başa çatdırılıb.

Ümumilikdə, cari ilin yanvar-avqust aylarında muxtar respublikada 88,2 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub.

Muxtar respublikada keyfiyyətli, dayanıqlı və genişzolaqlı yolların çəkilməsi davam etdirilir

Hazırda Naxçıvan şəhərində iki avtomobil yolunun, Şərur rayonunda Çərçiboğan, Dərvişlər, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Sədərək rayonunda Dəmirçi, Şərur rayonunda Maxta-Sədərək rayonunda Dəmirçi, Babək rayonunda Göynük, Araz, Ordubad rayonunda Vənənd-Pəzməri kənd avtomobil yollarının, Culfa şəhərində daxili avtomobil yolunun yenidən qurulması davam etdirilir.

Keyfiyyətli, dayanıqlı və genişzolaqlı yolların çəkilməsi muxtar respublikanın sosial-iqtisadi inkişafını, tranzit və turizm imkanlarını daha da yaxşılaşdıracaq.

AZƏRTAC-ın Naxçıvan bürosu

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.