REGİONLAR
Muxtar respublikada 12 milyon 200 min kvadratmetrdən artıq ərazi dezinfeksiya edilib
Naxçıvan, 28 mart, AZƏRTAC
Muxtar respublikada martın 9-dan başlanılan genişmiqyaslı dezinfeksiya tədbirlərinin növbəti mərhələsi yekunlaşıb. 19 gün davam edən dərmanlama işləri qrafik əsasında Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında əhalinin intensiv istifadə etdiyi bütün sahələri əhatə edib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin tərtib etdiyi qrafik əsasında xüsusi təyinatlı 12 avtomobillə aparılan profilaktik tədbirlər nəticəsində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında, ümumilikdə, 12 milyon 200 min kvadratmetrdən artıq sahəni əhatə edən avtomobil yolları və piyada səkiləri dezinfeksiya edilib. Dərmanlama tədbirlərinə Dövlət Baytarlıq Xidmətinin dezinfeksiyaedici avtomobili və şəxsi heyəti də cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin və Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya qrupu tərəfindən isə dərmanlama işləri mərhələli şəkildə idarə, müəssisə və təşkilatları, ticarət obyektlərini, istehsal müəssisələrini, kənd və xidmət mərkəzlərini, yaşayış binalarını, hərbi hissələri, sərhəd zastavalarını, park və istirahət mərkəzlərini, ali təhsil ocaqlarını, məktəbəqədər, məktəbdənkənar, peşə və ümumtəhsil məktəblərini, ümumiyyətlə, əhalinin daha çox istifadə etdiyi məkanları əhatə edib.
Qeyd edək ki, bu il fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Fövqəladə Hallar Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun tibbi-profilaktik tədbirlərin aparılması barədə müvafiq tapşırıqlar verilib. Mütəmadi olaraq həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, muxtar respublikada sanitar-epidemioloji vəziyyət sabitdir.