REGİONLAR
Muxtar respublikada 1500-dək abonent sabit şəbəkə telefon xətti ilə təmin olunub
Naxçıvan, 6 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin edilməsi, bütün yaşayış məntəqələrində istifadəçilərə genişzolaqlı internet təklif edilməsi, həmçinin göstərilən xidmətlərin hər bir sakin üçün əlçatan olması diqqət mərkəzindədir.
Muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müasir texnologiyaların tətbiq edilməsi nəticəsində göstərilən telekommunikasiya xidmətlərinin əhatə dairəsi ilbəil artırılır, bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinin müasir səviyyədə təşkili istiqamətində bir sıra layihələr həyata keçirilir.
2022-ci ilin 9 ayı ərzində Şərur rayonunun Çərçiboğan kəndində yeni Rabitə Evi istifadəyə verilib, 672 nömrə tutumlu yeni Avtomat Telefon Stansiyası quraşdırılıb. Əhalinin müasir rabitə xidmətlərinə olan tələbatı nəzərə alınaraq Naxçıvan şəhərinin Babək məhəlləsində, Əliabad qəsəbəsində, Qaraçuq kəndində, Şahbuz rayonunun Bakı küçəsində, Babək rayonunun Nehrəm qəsəbəsində və Şıxmahmud kəndində, ümumilikdə, 2368 nömrə yerlik 6 yeni HUAWEİ NGN tipli avtomat telefon stansiyası quraşdırılıb, 1474 abonent yeni stasionar telefon xətti ilə, 4300-ə yaxın abonent isə genişzolaqlı internetlə təmin olunub.
Həyata keçirilən tədbirlər və artan tələbat fonunda Naxçıvan şəhərində, Culfa, Şərur, Babək, Ordubad, Şahbuz və Sədərək rayonlarının bir sıra kəndlərində fəaliyyət göstərən yeni nəsil avtomat telefon stansiyalarının internet tutumları artırılıb. Bu, 2800-ə yaxın abonentin internetə olan tələbatının ödənilməsinə imkan yaradıb.
Rabitə infrastrukturunun yenidən qurulması, xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə şəhər, rayon və kəndlərdə ardıcıl işlər görülüb. Ordubad rayonunun Pəzməri kəndində rabitə xətt təsərrüfatının və 96 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyasının quraşdırılması, eləcə də rayonun Unus və Kələki, Şərur rayonunun Həmzəli, Vərməziyar və Axura kəndlərində rabitə xətt təsərrüfatının yenilənməsi istiqamətində müvafiq işlər davam etdirilir.