REGİONLAR
Muxtar respublikada 247 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcək
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Muxtar respublikada 2019-cu ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra şəhər və rayon təhsil şöbələri də daxil olmaqla, ümumilikdə, 247 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə səsləndirilib.
Təhsil naziri Rəhman Məmmədov müşavirədə çıxış edərək bildirib ki, bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda, ucqar dağ kəndlərini də əhatə edib ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaradıb.
“Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin müasir istilik sistemi ilə təchiz olunması payız-qış mövsümündə onların fasiləsiz fəaliyyətini təmin edib. Ötən il təhsil müəssisələrinin 91 faizi istilik sisteminə malik idisə, bu il təhsil quruculuğu sahəsində aparılan işlər nəticəsində bu göstərici 95 faiz təşkil edir”, - deyən Rəhman Məmmədov vurğulayıb ki, 2019-2020-ci tədris ilinin payız-qış mövsümündə istilik sistemi quraşdırılmayan təhsil müəssisələrində tədrisin fasiləsizliyini təmin etmək üçün onların yanacaq, mal və materiallara olan tələbatı müəyyənləşdirilib.
Bildirilib ki, yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olub. Belə ki, 2019-2020-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərən 212 ümumtəhsil məktəbindən 209-u, yaxud 99 faizi birnövbəli rejimdə işləyəcək. Bu da tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz töhfəsini verəcək.
Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirliyə payız-qış mövsümündə təhsil müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir təhsil infrastrukturlarının qorunması və onlardan səmərəli istifadə olunması tapşırılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə bu istiqamətdə fəaliyyətini gücləndirəcək, istilik sistemlərində çalışan texniki işçilərin peşə kurslarına cəlbini diqqətdə saxlayacaq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi, məktəblərdə elektrik enerjisindən səmərəli istifadə olunması, israfçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparacaq.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.