REGİONLAR


Muxtar respublikada 28 məktəbdə dərslərin STEAM əsaslı qurulması üçün 30 müəllim təlimlərə cəlb ediləcək

Naxçıvan, 25 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, innovasiyaların yaradılması istiqamətində də yeni vəzifələr müəyyənləşdirib. Sərəncam təhsilin inkişafında yeni mərhələnin əsasını qoyub, təhsil müəssisələrində yaradıcı düşüncəni və inkişafa xidmət edən layihələrin hazırlanmasına və tətbiqinə geniş imkanlar açıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirləri Naxçıvan Dövlət Texniki Kollecində keçirilən “Təhsildə innovasiya: STEAM təhsil metodu və onun əhəmiyyəti” mövzusunda tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov səsləndirib. O bildirib ki, dövlət sənədinin icrasının nəticəsində muxtar respublikada təhsilin inkişafı, innovativ təhsil üsullarının tətbiqi istiqamətində “İnnovativ dərnəklər”, “Sabahın tədqiqatçıları”, “Sabahın müəllimi”, “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Distant təhsil” layihələri tətbiq edilir. 2020-2021-ci tədris ilindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılır. “STEAM şagirdlərə beş sahənin - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan təhsildir. STEAM təlimlərində şagirdlərə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyrotexnologiyalar, mühəndislik və dizaynerlik bacarıqları öyrədiləcək”, - deyən Rəhman Məmmədov qeyd edib ki, dünya təhsil sistemində STEAM metodları mütəxəssis hazırlığının mühüm istiqaməti kimi götürülür. Məqsəd şagirdlərin düşüncə qabiliyyətini inkişaf etdirmək və əldə olunmuş biliklərin təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi sahələrdə səmərəli tətbiqinə nail olmaqdır. Təlimin ilk aylarından etibarən şagirdlər robotlar yaratmağı, mikrobitlərlə işləməyi, onları proqramlaşdırmağı, maketləri 3D printerlərdə çap etməyi öyrənəcəklər. Təhsil müəssisələrində tətbiq edilən STEAM tədris metodu gələcəyin mükəmməl dizaynerləri, proqramçıları, mühəndisləri, texnoloqları, müəllimləri və həkimlərinin yetişməsinə öz töhfəsini verəcək.

Təhsil naziri bildirib ki, bu il noyabrın 11-də Şərur rayon Qarabürc kənd ümumi orta məktəbində ilk STEAM kabinəsi yaradılaraq istifadəyə verilib. 2020-2021-ci tədris ilində əlavə pilot layihə olaraq muxtar respublikanın 12 məktəbində STEAM kabinələrinin, Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzinin yaradılması, 6 və 7-ci siniflərdə Texnologiya fənni hesabına həftədə 1 saat STEAM dərslərinin tədrisi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsait hazırlanıb. Müəllim hazırlığı istiqamətində isə müvafiq təlimlər təşkil ediləcək.

Rəhman Məmmədov muxtar respublikanın təhsil müəssisələrində STEAM təhsil metodunun tətbiqi üçün yaratdığı əlverişli şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə dərin minnətdarlığını bildirib.

Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov, Şərur Rayon Təhsil Şöbəsinin müdiri Kamil Məmmədov və Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin Robotexnika və STEAM dərnəyinin rəhbəri Türkanə Hüseynova muxtar respublikada təhsil quruculuğundan, təhsilin müasir tələblər səviyyəsində inkişafından, STEAM təhsilin yeni təhsil fenomeni kimi məktəblərdə və məktəbdənkənar təhsil müəssisəsində tətbiqinin əhəmiyyətindən danışıblar.

Sonra STEAM təhsil metodunun muxtar respublikada tətbiqinin slayd vasitəsilə təqdimatı olub.

Qeyd olunub ki, dərslərin STEAM əsaslı qurulması üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Təhsil Nazirliyinin təşəbbüsü ilə STEAM təhsilinin tədrisi məqsədilə pilot olaraq tətbiqi nəzərdə tutulan məktəblər də daxil olmaqla, muxtar respublikada 28 məktəbdən 30 müəllim təlim keçmək üçün müəyyənləşdirilib. Həmin müəllimlərə bu gündən etibarən 1 ay müddətində təlimlər keçiriləcək. Təlimlərin təşkil olunmasında məqsəd müəllimlərdə STEAM dərslərini tədris etmək bacarığını formalaşdırmaqdır. Təlimlər zamanı STEAM metodologiyaları, Robotexnika, 3D CAD modelləşdirmə və çap, proqramlaşdırma, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları müəllimlərə öyrədiləcək. Təlimi uğurla başa vuran müəllimlər Təhsil Nazirliyi tərəfindən STEAM dərslərini aparmağa icazə hüququ verən sertifikatla təmin ediləcək. Gələcəkdə də beynəlxalq təlimçilərin muxtar respublikaya dəvət olunması, həmçinin burada fərqlənən müəllimlərin beynəlxalq təlimlərə cəlb olunması istiqamətində işlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.