REGİONLAR
Muxtar respublikada 2 milyon 138 min kvadratmetr ərazi dezinfeksiya olunub
Naxçıvan, 24 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi qurğularla təchiz edilmiş yanğınsöndürmə avtomobilləri vasitəsilə Naxçıvan şəhərində avtomobil yolları və səkilər daxil olmaqla 850 min kvadratmetr sahə, eləcə də təyin olunmuş dezinfeksiya qrupları tərəfindən səhiyyə müəssisələri, uşaq bağçaları, idarə, müəssisə və təşkilatların ətrafı, ticarət mərkəzləri dezinfeksiya edilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikanın Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı dezinfeksiya avtomobilləri və dezinfeksiya qrupları cəlb olunmaqla, 2 nömrəli Mənzil İstismar İdarələrinə məxsus ictimai yaşayış binalarının girişləri, ətrafı və zirzəmiləri dezinfeksiya olunub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin xüsusi qurğu quraşdırılmış 2 avtomobili də dezinfeksiya tədbirlərinə cəlb edilib.
Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində dezinfeksiya tədbirləri muxtar respublikanın rayonlarında da davam etdirilib, ümumilikdə, 2 milyon 138 min kvadratmetr ərazi dezinfeksiya olunub.