REGİONLAR
Muxtar respublikada 31 heyvandarlıq təsərrüfatı yaradılıb, 13 təsərrüfatın genişləndirilməsi başa çatdırılıb
Naxçıvan, 28 iyul, AZƏRTAC
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2022-ci ilin ilk yarısında da diqqətdə saxlanılıb, 31 heyvandarlıq təsərrüfatının yaradılması, 13 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən 6 ayda 11 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 11 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-iyun aylarında 7 milyon 9600 manat kredit verilib.
Bu ilin yanvar-iyun aylarında heyvandarlıq təsərrüfatlarında 5897 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövrdə 7938 baş sağlam bala alınıb.
Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli Fərmanının icrası bu sahənin inkişafına yeni imkanlar yaradır.
2022-ci il iyulun 1-nə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 130 min 970 baş, qoyun və keçilərin sayı 832 min 114 baş olub ki, bu da ötən ilin müvafiq dövrünə olan göstəriciləri 1,6 və 1,9 faiz üstələyib.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq təsərrüfatının yaradılması başa çatdırılıb, 1 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının yenidən qurulması davam etdirilir.
Bu ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 13 min 978,3 ton ət, 51 min 907,8 ton süd istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 və 1,5 faiz çoxdur.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılıb, 2022-ci ilin yanvar-iyun aylarında 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının və 3 arıçılıq təsərrüfatının yaradılması, 3 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 4 arıçılıq təsərrüfatının yaradılması davam etdirilib. Təsərrüfat subyektlərinə 2022-ci ilin ilk yarım ilində 384 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 35,6 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırıb.
Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilib, 2022-ci ilin ilk yarım ilində Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi başa çatdırılıb, Culfa Rayon Baytarlıq İdarəsinin binasının tikintisi davam etdirilib.
Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə yeni avtomobillər və laboratoriya avadanlıqları verilib. Bununla yanaşı, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinə bitkiçilik və baytarlıqda istifadə olunan dərman preparatlarının səyyar satışını həyata keçirmək məqsədilə “Changan” markalı uyğunlaşdırılmış səyyar aptek avtomobili verilib.
Cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 8 milyon 860 min 700 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 1,9 faiz çoxdur.
Muxtar respublikada aqrar sahədə elektron xidmətlərin tətbiqi və elektron informasiya sisteminin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci il 27 yanvar tarixində “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalanıb.
Naxçıvanda dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə strateji əhəmiyyətli mallarla təchizatı təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci il 16 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalanıb.