REGİONLAR


Muxtar respublikada 47 gənc müəllim ümumtəhsil məktəblərində işlə təmin olunub

Naxçıvan, 25 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 28-dən yanvarın 11-dək keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə təhsil naziri Rəhman Məmmədov çıxış edərək muxtar respublikada bütün sahələr kimi, təhsilin də dövlət qayğısı ilə əhatə olunmasından danışıb. Qeyd edilib ki, təkcə ötən tədris ilində ümumtəhsil məktəblərindən 1500-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunub. Müəllimlərin diaqnostik qiymətləndirmələri aparılıb, şahmatı tədris edən müəllimlərin ödənişsiz sertifikasiyası keçirilib, 505 müəllim sertifikatla təmin edilib. 2021-ci ilin yanvar ayından isə Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin sertifikasiyasına başlanılıb.

Qeyd olunub ki, 2018-2019-cu tədris ilindən etibarən müəllimlərin işə qəbulunda müsabiqə mexanizmi tətbiq edilib, qaydalar şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib, ümumtəhsil məktəblərinin bilikli kadrlarla təminatı yaxşılaşıb. Bu günədək işə qəbulla bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən kadrlardan 466-sı müəllim, 140-ı isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə, 606 gənc kadr işlə təmin olunub. 437 gənc kadr kənd məktəblərini seçdikləri üçün bu məktəblərdə kadra olan kəskin ehtiyac ödənilib.

Diqqətə çatdırılıb ki, yanvarın 11-də yekunlaşan müəllimlərin işə qəbulu imtahanında 156 vakant yerə 261 müraciət olub, onlardan 136-sı keçid balını toplayıb. Keçid balını toplayanlardan 47-si ən yüksək nəticə göstərdiyindən müvafiq vakant vəzifəyə təyin olunub. İşə qəbul edilənlərdən 20-si stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu 14 məktəbi seçib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisastəhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi həmin ixtisaslarda təhsil alan tələbələrin ixtisaslı kadr kimi formalaşması ilə yanaşı, onların işlə təminatına da öz müsbət təsirini göstərib. Bunun nəticəsidir ki, işlə təmin olunan 47 müəllimdən 40-ı Naxçıvanda yerləşən ali təhsil müəssisələrində təhsil alıb.

Bildirilib ki, muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturu nəticəsində gənc müəllimlərdən 21-i şəhər və rayon mərkəzlərində yaşasalar da, kənd məktəblərində işləməyə üstünlük verib.

Sonra təhsil naziri yeni işə təyin olunan gənc müəllimləri təbrik edib, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmalarını tövsiyə edib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Baba Əliyev ümumtəhsil məktəblərində müasir təhsil sistemində pedaqoji yeniliklərdən danışıb.

Firuzə Əhmədova isə gənc müəllimlər adından çıxış edərək onlara göstərilən yüksək qayğıya görə minnətdarlıq edib.

Sonda gənc müəllimlərə metodik vəsaitlər və “Pedaqoji fikir tarixindən” kitabı hədiyyə olunub, müəllimlərin 3 günlük seminarına start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.