REGİONLAR


Muxtar respublikada 959 milyon manatdan çox ümumi daxili məhsul istehsal olunub

Naxçıvan, 22 iyun, AZƏRTAC

Muxtar respublikada bu ilin yanvar-may aylarında 959 milyon 712 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Hər nəfərə düşən ümumi daxili məhsulun həcmi isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 2116,7 manata çatıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu sahə üzrə 431 milyon 456 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artım deməkdir.

Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala bir il öncəki göstəricidən 2,4 faiz çox, 394 milyon 770 min 400 manat yönəldilib. Bu vəsaitin 373 milyon 660 min manatı və ya 94,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Kənd təsərrüfatı məhsulları istehsalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 52 milyon 123 min 800 manata çatıb. Diri çəkidə ət istehsalı 8969 ton, süd istehsalı isə 35 min 589,2 ton təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,1 faiz, süd istehsalı isə 1,4 faiz artıb.

2018-ci ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 20 milyon 746 min manat olub ki, bu da 2017-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,4 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 16 milyon 822 min manata çatıb və bir il öncəyə nisbətdə 1,8 faiz artım qeydə alınıb.

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2018-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 22 milyon 891 min 300 manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 2,5 dəfə artıqdır. Verilmiş kreditlərin 2 milyon 306 min 100 manatı və yaxud 10,1 faizi qısamüddətli, 20 milyon 585 min 200 manatı və yaxud 89,9 faizi uzunmüddətli kreditlər olub.

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 382 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 256 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilib. 1 iyun 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 71 min 969-a çatıb ki, bunun da 62 min 984-ü və ya 87,5 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-may aylarında açılmış 7123 bank hesabının 7036-sı aktiv hesablar olub. 2018-ci il iyunun 1-dək quraşdırılmış POS-terminalların sayı 1266-ya çatdırılıb.

İqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə münbit şərait yaradıb, yanvar-may aylarında muxtar respublikada 144 milyon 70 min 200 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 127 milyon 140 min 700 ABŞ dolları təşkil edib və 110 milyon 211 min 200 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 420,5 manata çatıb ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,6 faiz çoxdur.

2018-ci il mayın 1-nə olan məlumata görə, muxtar respublika əhalisinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3778 nəfər artaraq 453 min 763 nəfər olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.