REGİONLAR


Muxtar respublikada Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yeni proqram təminatı istifadəyə verilib

Naxçıvan, 2 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yeni proqram təminatı istifadəyə verilib.

Muxtar respublika Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dövlət qulluğu haqqında qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 may tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası” və 2017-ci il 9 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əsasən test imtahanında, eləcə də müsahibə mərhələsində iştirak etmək üçün namizəd komissiyanın internet portalı vasitəsilə elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidir. Buna görə də, komissiyanın proqram təminatının yenilənməsi zərurəti yaranmışdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, icraçı şirkətlə müqavilə bağlanıb və həmin şirkət tərəfindən yeni proqram təminatı işlənib hazırlanıb. Növbəti müsabiqələrdə iştirak etmək üçün namizədlər “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçəcəklər. Komissiyanın elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin “şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” bir dəfə yaradılacaq və daimi istifadə ediləcək. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “şəxsi kabinet”ində öz əksini tapacaq. Bu da vətəndaşların dövlət qulluğuna qəbul ilə əlaqədar müraciət etmək imkanlarının sadələşdirilməsinə və asanlaşdırılmasına, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etməsi üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasına, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibə mərhələlərində iştirakına imkan yaradacaq. Bundan başqa, test imtahanı, müsahibənin vaxtı və digər məsələlər barədə komissiya tərəfindən namizədlərə bildiriş göndərilməklə, lazımi məlumatların “şəxsi kabinet” vasitəsilə çatdırılması mümkün olacaq.

Müsabiqələrdə iştirak etmək üçün namizədlər qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərin skan edilmiş surətlərini istənilən vaxt “şəxsi kabinet”ə yükləyə biləcəklər. Bu da namizədlərə aid məlumatların düzgünlüyünün yoxlanılmasının həyata keçirilməsini təmin edəcək, saysız-hesabsız sənədlərin toplanılması prosesi, habelə sənəd qəbulu üçün yaranan növbələr aradan qalxacaq. Proqram təminatı namizədin elektron şəxsi işinin yaradılmasına imkan verir ki, bu da kağız və digər dəftərxana ləvazimatlarına qənaət edilməsini, namizədlərin dövlət qulluğuna qəbulunun mümkünlüyünün daha operativ yoxlanılmasını və müsabiqələrin ən azı 1 ay tez yekunlaşdırılmasını təmin edəcək.

Qanunvericilikdə vətəndaşların dövlət qulluğuna qəbulu zamanı test imtahanında iştirak etmək üçün müəyyən məbləğin ödənilməsi nəzərdə tutulub. Namizədlər elektron müraciətlərini təsdiq edərkən “şəxsi kabinet” vasitəsilə onlayn qaydada, yəni bankomat kartları ilə ödəniş edə biləcəklər. Komissiyanın internet portalının təhlükəsizliyinin tam şəkildə təmin edilməsi məqsədilə “SSL” sertifikatı alınıb ki, bu da portalın elektron ödəniş sistemlərinə inteqrasiya edilməsinə imkan verib, namizədlərin elektron xidmətlərdən istifadə edərkən və qeydiyyatdan keçərkən ödəniş kartı və fərdi məlumatlarının tamamilə qorunmasını təmin edib.

Qeyd edək ki, yeni proqram təminatının hazırlanması məmur-vətəndaş təmasının aradan qaldırılmasına, şəffaflığın tam təmin edilməsinə, komissiyanın fəaliyyətinin günün tələblərinə uyğun və qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.