İQTİSADİYYAT
Muxtar respublikada Naxçıvanın bank-maliyyə sektorunun inkişafı məsələləri müzakirə olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov və Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Naxçıvanda bank-maliyyə sektorunun inkişafı problemləri, əhalinin və biznesin maliyyə xidmətlərinə çıxışı, bank sektorunun kiçik və orta sahibkarlığa dəstək imkanları, nağdsız ödənişlərin genişlənməsi və digər bu kimi məsələləri müzakirə etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında (MR) səfərdə olub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və struktur-institusional islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitliyin təmin edildiyi, iqtisadi aktivlik üzrə müsbət dinamikanın qorunduğu, sosial-iqtisadi inkişaf istiqamətində mühüm uğurların əldə edildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, pandemiyanın ilk günündən dövlətimizin başçısının rəhbərliyi ilə pandemiyanın ölkə iqtisadiyyatına təsirlərinin azaldılması, makroiqtisadi sabitliyinin və məşğulluğun təmin edilməsi və real sektorunun dəstəklənməsi istiqamətində geniş spektrli tədbirlər həyata keçirilib. Azərbaycanın bank sektoru da davamlı islahatlar və inkişafla xarakterizə olunub və bank xidmət və məhsullarının çeşidi və keyfiyyəti yaxşılaşıb, bankların sağlamlaşdırılması və kapitallaşması istiqamətində zəruri tədbirlər görülüb. Blokada şəraitində olduğu üçün Naxçıvan MR-in maliyyə sektoru, onun problemləri və inkişaf məsələləri daim diqqət mərkəzindədir. Görüşün də əsas məqsədi hazırda bu sektorda mövcud vəziyyəti və görüləcək işləri, o cümlədən əhalinin və sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə çıxışının yaxşılaşdırılması, nağdsız əməliyyatların genişləndirilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ipoteka kreditləşməsinin genişləndirilməsi kimi məsələlərin birgə müzakirə edilməsindən ibarət olub.
Aparılmış müzakirələr nəticəsində qarşıda duran əsas vəzifələrin əhalinin və sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, maliyyə xidmətlərindən istifadənin əlçatanlığının artırılması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ipoteka kreditləşməsinin əhatə dairəsinin genişləndirilməsi, nağdsız əməliyyatların həcminin artırılması, Naxçıvan MR-in iqtisadiyyatının ixrac potensialının artırılması məqsədilə sahibkarların ixrac kreditləşməsi, burada fəaliyyət göstərən bankların özünüməşğulluq proqramının reallaşmasında aktiv iştirak etməsi, əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təhsil prosesinə, təlimlərə cəlb edilməsi olduğu müəyyənləşib və bu məsələlərin nəzarətdə saxlanılması və həlli istiqamətində tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.