Muxtar respublikada ÜDM istehsalı 2,3 faiz artıb
AzerTAg.az
Naxçıvan, 25 yanvar, AZƏRTAC
Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2021-ci ildə də qorunub saxlanılıb, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə inkişafı xarakterizə edən əsas göstərici kimi, ümumi daxili məhsul istehsalı 3 milyard 16 milyon 315 min manat olub. Bu da bir il öncəki göstəricidən 2,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilə nisbətən 3,4 faiz artaraq 6525 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 59 faiz təşkil edib.
2020-ci illə müqayisədə 2021-ci ildə sənaye məhsulu 1,7 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2 faiz, kənd təsərrüfatı məhsulu 5,3 faiz, nəqliyyat sektorunda yük daşınması 0,9 faiz, informasiya və rabitə xidmətləri 6,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,8 faiz artıb.

Xəbərin mətnində orfoqrafik səhv var