REGİONLAR
Muxtar respublikada aqrar sahənin inkişafı diqqətdə saxlanılır
Naxçıvan, 5 iyun, AZƏRTAC
Ötən ay muxtar respublika üzrə 475 hektar yonca sahəsində fitonomus zərərvericisinə, 966 hektar taxıl və cavan meyvə bağlarında siçan və siçanabənzər gəmiricilərə, 66 hektar kartof sahəsində kolorado kartof böcəyinə, 7 min 321 hektar taxıl sahəsində alaq otlarına, eləcə də 16 hektar sahəni əhatə edən bəzək bitkilərinin zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə aparılıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, taxıl biçini kampaniyasına hazırlıqla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə muxtar respublikanın rayonlarında taxılbiçən kombayn sahibkarları ilə fərdi qaydada söhbətlər aparılıb, biçində iştirak edəcək kombaynların texniki vəziyyəti və sayı müəyyən edilib.
“Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı başçılarının gətirdikləri torpaq nümunələri analiz olunaraq tərkibindəki qida maddələrinin miqdarı barədə məlumatların verilməsi işləri davam etdirilib. Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinə müraciət edən 91 ailə təsərrüfatı başçısı və fermerlərin istixana təsərrüfatlarına, meyvə və üzüm bağlarına baxış keçirilib, tələb olunan mübarizə tədbirləri haqqında məsləhət və tövsiyələr verilib. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən laboratoriyaya gətirilən toxumlar analizdən keçirilib və nəticələrlə bağlı analiz aktı təqdim olunub.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və “Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı tədbirlər planı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar maarifləndirici tədbirlər həyata keçirilib. “Naxçıvan Muxtar Respublikasında damazlıq heyvandarlığın inkişafının əsasları” adlı kitab və bütün rayonların yaşayış məntəqələri üzrə “Heyvan cinslərinin rayonlaşdırılmasının atlası” hazırlanıb.