Muxtar respublikada arı ailələrinin sayı 100 mini ötüb
AzerTAg.az
Naxçıvan, 27 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılıb, 2021-ci ildə 15 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 1 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, təsərrüfat subyektlərinə 2021-ci ildə 505 min manat kredit verilib. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırıb, 2021-ci ilin sonuna muxtar respublikada arı ailələrinin sayı 100 min 86-ya çatdırılıb.
Arıçıların fəaliyyətinin stimullaşdırılması məqsədilə 2021-ci ildə “Arıçılıq məhsulları-bal satış yarmarkası” keçirilib.

Xəbərin mətnində orfoqrafik səhv var