REGİONLAR
Muxtar respublikada aztəminatlı ailələrin problemlərinin həlli ilə əlaqədar tədbirlər görülür
Naxçıvan, 20 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial siyasətin aparıcı istiqamətlərindən biri vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması, sosialyönümlü layihələrdə iştirakı, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasıdır.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilir, onların problemləri öyrənilir, həlli ilə əlaqədar tədbirlər görülür. Görülən tədbirlərin davamı olaraq Naxçıvan şəhəri, Əlincə məhəlləsində yaşayan aztəminatlı Baxşəliyevlər ailəsinə baş çəkilib.
Tədbirdə iştirak edən təşkilatların əməkdaşları bildiriblər ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi, yoxsulluğun azaldılması istiqamətində muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün kateqoriyadan olan ailələr kimi, aztəminatlı ailələr də daim dövlətin dəstək və himayəsi ilə əhatələniblər. Belə ki, həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün ailələrlə vaxtaşırı görüşlər təşkil edilir, onların məişət və digər problemləri ilə maraqlanılır, mənəvi cəhətdən dəstək göstərilir.
Baxşəliyevlər ailəsinə ehtiyaclarına uyğun kömək göstərilib.
Aztəminatlı ailənin üzvü dövlətimiz tərəfindən onlara göstərilən dəstəyə görə minnətdarlığını bildirib.