REGİONLAR
Muxtar respublikada dövlət dil siyasəti uğurla həyata keçirilir
Naxçıvan, 22 fevral, AZƏRTAC
Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin əsasını qoyduğu dövlət dil siyasəti ölkəmizdə, o cümlədən muxtar respublikada uğurla davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Rəşad Xudiyev çıxış edərək bildirib ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsas amili kimi daim diqqət mərkəzində saxlayıb. Hələ sovet hakimiyyəti dövründə, 1978-ci ildə Moskvanın təzyiqlərinə baxmayaraq, ümummilli lider Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu.
Rəşad Xudiyev deyib: Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qəbul etdiyi çoxsaylı dövlət sənədləri Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək vacib işlərin müəyyənləşməsinə və həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı müstəqil ölkəmizdə dövlət dilinin inkişafı istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamıdır.
Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında da dövlətimizin dil siyasəti uğurla həyata keçirilir. İstər orfoepiya, istərsə də orfoqrafiya qaydalarından düzgün istifadə olunması, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliği diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması da ana dilimizə ehtiramın ifadəsidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyev, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov çıxış ediblər.
Dilimizə həsr edilmiş şeirlər bədii qiraət olunub, kitabxanada açılmış kitab sərgisinə baxış keçirilib.