REGİONLAR


Muxtar respublikada dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilir

Naxçıvan, 28 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən bu ilin 6 ayı ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 5 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 9 qərarı ləğv etdirilib.

Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu faktlar komissiyada keçirilən kollegiya iclasında səsləndirilib.

İclasda çıxış edən komissiyanın sədri İsmayıl Qəribli bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış üçüncü sessiyasında dövlət qulluğuna və digər orqanlara qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili və test bankının yenilənməsinin təmin edilməsi kimi mühüm məsələlər tapşırılıb.

Bu ilin 6 ayı ərzində dövlət orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan olunmuş müsabiqələrin test imtahanları keçirilib. Həmin 5 test imtahanında 503 nəfər iştirak edib, 292 nəfər keçid balını toplayıb. Hesabat dövründə 110 nəfər dövlət qulluğuna qəbul olunub ki, onlardan 66-sı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi müsabiqə və müsahibələr nəticəsində, 8-i birbaşa təyinat yolu ilə, 36-sı isə yerli icra hakimiyyəti orqanları tərəfindən işə götürülüb. 99 nəfər dövlət qulluğunda irəli çəkilib, 319 nəfərə ixtisas dərəcəsi verilib, 112 nəfərin dövlət qulluğuna xitam verilib.

İsmayıl Qəribli deyib: Ötən dövrdə test imtahanları zamanı namizədlərin bilik səviyyəsinin daha ətraflı yoxlanılması, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin test suallarında öz əksini tapması məqsədilə test bankı təkmilləşdirilib.

Komissiya tərəfindən vətəndaşların dövlət qulluğu və vergi orqanlarına, eləcə də ümumi təhsil müəssisələrinə işə qəbulu üçün təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə, 108 nəfər iştirak edib.

Hesabat dövründə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş 6 maarifləndirici tədbir, seminar və videotəlimdə, ümumilikdə, 201 dövlət qulluqçusu iştirak edib.

Kollegiya iclası məruzə ətrafında çıxışlarla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.