REGİONLAR


Muxtar respublikada fövqəladə hallara hazırlıq diqqət mərkəzindədir

Naxçıvan, 13 aprel, AZƏRTAC

Bu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası təmin edilib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin xilasediciləri və yanğınsöndürənləri “Daimi hazırlıq” mərhələsində saxlanılıb, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması məqsədilə struktur qurumlarda taktiki-xüsusi təlimlər keçirilib. Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi təlimlərdə, toplantılarda və çöl-səhra çıxışlarında nazirliyin xilasediciləri və yanğınsöndürənləri iştirak edib. Xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin müxtəlif istiqamətlərdə yürüşləri keçirilib, xidməti və əməliyyat minik avtomobillərinin texniki sazlığı yoxlanılıb.

İstehsalat müəssisələrində texniki təhlükəsizliyin təmin olunması, hadisələrin qarşısının vaxtında alınması məqsədilə 31 lift texniki müayinədən keçirilib, 4 nəqliyyat vasitəsi, 1 təhlükə potensiallı obyekt, 8 qurğu dövlət reyestrində qeydiyyata alınıb, 1 təhlükə potensiallı obyekt, 29 qurğu dövlət reyestrində təkrar qeydiyyatdan keçirilib, 29 təhlükə potensiallı obyektdə texniki təhlükəsizliyin təmin edilməsi ilə bağlı yoxlama, radiasiya təhlükəsizliyin təmin edilməsi məqsədilə 15 obyektdə monitorinq keçirilib. Səkkiz müəssisədə 87 texnoloji nəqliyyat vasitəsi texniki baxışdan, 4 qurğu texniki müayinədən keçirilib, 19 qurğuya sertifikat verilib. Mülki müdafiə işinin təşkili ilə bağlı müxtəlif kateqoriya üzrə 328 nəfər rəhbər, komandir-rəis heyətinin mülki müdafiəyə və fövqəladə hallara hazırlanması təmin edilib, 89 obyektdə 2292 nəfərin iştirakı ilə maarifləndirici tədbir və qrup məşğələsi, 5 müəssisədə konfrans keçirilib. Qıvraq qəsəbəsində yeni istifadəyə verilmiş yaşayış binasının zirzəmisində mülki müdafiə səfərbərlik ehtiyat anbarı yaradılaraq əhalinin sayına uyğun fərdi mühafizə vasitələri yığılıb, rayonlarda mülki müdafiə təyinatlı zirzəmilərin vəziyyəti və 2-ci qrup fərdi mühafizə vasitələrinin saxlanılma şəraiti yoxlanılıb.

Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə 612 obyektdə əsaslı, 578 obyektdə nəzəri, 91 obyektdə məqsədli yoxlamalar keçirilib, 308 dövlət yaşayış binasının 5187 mənzilində yanğın-texniki müayinələr aparılıb, müşahidə olunan çatışmazlıqlar aradan qaldırılıb. Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı 109 obyektdə mülki məsuliyyətin icbari sığortası həyata keçirilib. 42 tikinti obyektinin ərazisində qazılmış mühəndis-geoloji kəşfiyyat quyularından qrunt nümunələri götürülüb, tikiləcək və yenidən qurulacaq 30 obyektin işçi və layihə sənədlərinin ekspertizadan keçirilməsinə hazırlıq işləri aparılıb. Tikintisi başlayacaq 67 obyektdə dövlət nəzarətinin fərdi qaydada aparılması üçün “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nın açılması təmin edilib, Babək və Kəngərli rayonlarında tikiləcək 19 fərdi yaşayış evinin layihəsi uçota alınıb. İstehsal olunan tikinti materiallarının mütləq şəkildə sınaqdan keçirilməsi ilə bağlı 25 sayda müxtəlif nümunənin laboratoriya şəraitində sınaqları aparılıb. Tikintisi başa çatdırılmış 14 obyektə “İstismara hazırlıq aktı” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.