REGİONLAR
Muxtar respublikada gənclərin sağlamlığının qorunması və fiziki inkişafına xüsusi diqqət yetirilir
Naxçıvan, 14 noyabr, AZƏRTAC
Muxtar respublikada aparılan gənclər siyasətinin əsas istiqamətləri içərisində onların sağlamlığının qorunması və fiziki inkişafı da mühüm yer tutur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanası və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclərlə sağlam gələcəyə” adlı konfransda ətraflı danışılıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov bildirib ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə uğurlar əldə edirlər.
Qeyd olunub ki, muxtar respublikada aparılan gənclər siyasətinin əsas istiqamətləri içərisində onların sağlamlığının qorunması və fiziki inkişafı da mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov daim gənclərə qayğı göstərir, onların sağlam bir fərd kimi yetişməsinə xüsusi önəm verir.
Zəbur Bağırov keçirilən tədbirin gənclər üçün maraqlı və faydalı olacağına əminliyini bildirib, konfransın işinə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında qeyd edib ki, bu gün muxtar respublikada gənclərin inkişafı üçün hər bir şərait yaradılıb. Gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması, gələcək üçün sağlam genofondun təmin olunması məqsədilə maarifləndirici tədbirlər həyata keçirilir.
“Gənclər Fondu cari il ərzində müxtəlif layihələrin həyata keçirilməsini dəstəkləyib, bu layihələrdə gənclərin intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil olunması ön plana çəkilib”, - deyən Cəbi Quliyev vurğulayıb ki, bu gün keçirilən konfrans gənclərin fiziki və reproduktiv sağlamlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-oftalmoloqu Kəmalə Əliyeva “Kompüter və smartfonların zərərlərindən qorunmağın yolları”, həkim-nevropatoloq Səkinə Mirzəyeva “Gənclərdə depressiv hallar, onlardan xilas olma yolları”, həkim-fizioterapevt Nuray Əliyeva “Onurğa problemləri”, həkim-stomatoloq Vüsal Əliyev “Ağız boşluğu xəstəliklərinin yaranma səbəbləri və profilaktikası”, Oftalmologiya ixtisası üzrə həkim-rezident Aynur Rzayeva “Zərərli ultrabənövşəyi şüaların törətdiyi xəstəliklər və onlardan qorunma yolları”, həkim-endokrinoloq Aysel Dünyamalıyeva “Hazır qidalar və onların törətdiyi fəsadlar” mövzularında çıxış ediblər.
Konfransda mövzularla bağlı suallar cavablandırılıb, müzakirələr aparılıb.