REGİONLAR
Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi istiqamətində işlər davam etdirilir
Kəngərli, 7 avqust, AZƏRTAC
Avqust ayının 1-dən Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ilkin tədbirlərin icrası həyata keçirilib, rayon əhalisi üzrə məlumatlar toplanılıb. Həmin məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb.
Muxtar respublikanın Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə Kəngərli rayonunda “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı tibb işçiləri üçün hesabatların təqdim edilmə forması, kliniki protokollara uyğun tibbi xidmətlərin təşkili, icbari tibbi sığortanın maliyyələşmə formaları” mövzusunda keçirilən növbəti maarifləndirici tədbirdə ətraflı danışılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 5 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin müdiri Vüsal Məmmədov çıxış edərək, muxtar respublikada əhaliyə keyfiyyətli tibbi xidmətlərin həyata keçirilməsinin stimullaşdırılması, səhiyyə sahəsində dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması və icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edib. Diqqətə çatdırılıb ki, agentlik sığortaolunanlara baza zərfinə əsasən xidmət göstərir. Baza zərfinə 18 ilkin səhiyyə, 5 təcili və təxirəsalınmaz, 471 ambulator, 285 laborator müayinə, 23 fizioterapevtik, 600 stasionar və 123 həyativacib olmaqla, ümumilikdə, 1525 tibbi xidmət daxil edilib.
Sonra agentliyin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Təranə Babayeva sığortaolunanın tibb müəssisəsi tərəfindən necə qəbul edilməsi və qeydiyyatının aparılması, icbari tibbi sığortanın prinsip və məqsədləri haqqında danışıb.
Agentliyin Səhiyyə və sosial iqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Nazəni Rüstəmli aylıq hesabatların tərtib və təqdimolunma qaydaları, agentlik əməkdaşları ilə xəstəxana işçilərinin qarşılıqlı iş prinsipləri və icbari tibbi sığortada klinik protokollara uyğun tibbi xidmətlərin təşkili barədə, Maliyyə və təsərrüfat sektorunun müdiri Nicat Əsgərov “İcbari tibbi sığortanın maliyyələşmə formaları və nümunəvi hesabat formalarının təqdim edilməsi” mövzusunda slaydlar vasitəsilə məlumat veriblər.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb.