REGİONLAR
Muxtar respublikada insan hüquqlarının müdafiəsi diqqət mərkəzində saxlanılır
Naxçıvan, 6 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatında beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı yığıncaq olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yığıncaqda çıxış edən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlərin 2019-cu ilin birinci yarısında da uğurla davam etdirildiyini bildirib.
Qeyd olunub ki, bu ilin ötən dövründə təsisat fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi, müvafiq dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub. Ötən dövr ərzində insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və vaxtında araşdırılıb.
Ülkər Bayramova deyib: Bu ilin birinci yarısında Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətlərində davam etdirib. Belə ki, hərbi qulluqçuların, məhkumların və əhalinin digər sosial qruplarının hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə işi diqqət mərkəzində saxlanılıb, təsisat tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış 36 tədbir təşkil edilib.
Hesabat dövrü ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 27 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 56 başçəkmə həyata keçirilib.
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yeniləndiyini, qanunvericilik bazasının zənginləşdirildiyini, həmçinin insan hüquqlarının müdafiəsində hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edən Müvəkkil Ülkər Bayramova vurğulayıb ki, cari ilin birinci yarısında Müvəkkilin fəaliyyəti, dövlət orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sahəsində, həmçinin muxtar respublika əhəmiyyətli tədbirlər barədə Ombudsmanın rəsmi internet səhifəsində və digər kütləvi informasiya vasitələrində, ümumilikdə, 251 informasiya verilib.
Müvəkkil qarşıda duran vəzifələrdən də danışaraq diqqətə çatdırıb ki, təsisat tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqi bundan sonra da davam etdiriləcək.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.