REGİONLAR


Muxtar respublikada istehsal olunan məhsullar keyfiyyəti ilə seçilir

Naxçıvan, 27 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu diqqətdə saxlanılır.

Muxtar respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay məhsul nümunələrinin, ümumilikdə, 125, o cümlədən qida məhsullarının 109 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunub və bu istiqamətdə ciddi nöqsanlar aşkar edilməyib.

Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması prioritet vəzifə kimi diqqətdə saxlanılır. Bu məqsədlə hesabat dövrü ərzində 47 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə sertifikatlaşdırma prosedurları və monitorinqlər üzrə, ümumilikdə, məhsulların 34 halda texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu yoxlanılıb, nöqsan aşkar edilməyib və müvafiq məhsulların 5 halda sertifikatlaşdırılması həyata keçirilib.

Muxtar respublika iqtisadiyyatında ailə təsərrüfatı modelinin dəstəklənməsi işi ötən ay da davam etdirilib, muxtar respublika üzrə 5 ailə təsərrüfatına istehsal etdiyi məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılması, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə metodik köməklik göstərilib. İstehlakçıların ailə təsərrüfatı məhsulları haqqında rahat məlumat əldə edə bilməsi və ailə təsərrüfatı məhsullarının aktiv satışının təşviqi məqsədilə hazırlanmış “Kənddən al” mobil tətbiqinin məlumat bazasının aktuallaşdırılması istiqamətində birgə fəaliyyət davam etdirilib.

Ötən ay ev şəraitində araq istehsalı ilə məşğul olan 2 ailə təsərrüfatında minifiltr qurğusunun quraşdırılması təmin edilib və müvafiq ailə təsərrüfatlarının sayı 49-a çatıb. Alkoqollu içkilərin standartlara uyğunluğu məqsədilə 3 müəssisədə istehsal olunan arağın 4, pivənin 1 və məhsul istehsalında istifadə olunan suyun 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların tələblərinə uyğun olduğu müəyyən edilib.

Ticarət və xidmət sektoru əhalinin aktiv müraciət etdiyi sahələrdəndir. Xidmət tərəfindən hesabat ayı ərzində 34 ət satışı mağazasına, 93 ictimai iaşə və xidmət sahəsinə, 22 topdansatış obyektinə, 469 ərzaq və qeyri-ərzaq mağazasına, 13 təhsil müəssisəsinin bufet və ya yeməkxanasına, 167 bərbərxana və 53 gözəllik salonuna maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilib. Texniki normativ-hüquqi aktların və standartların tələblərinə uyğun fəaliyyətin qurulması məqsədilə 17 təsərrüfat subyektində, o cümlədən 3 istehsal müəssisəsində, 3 ictimai iaşə və xidmət sahəsində, 1 topdansatış obyektində, 7 mağazada, 2 bərbərxanada və 1 gözəllik salonunda təmir işləri başa çatdırılıb.

Dekabr ayında metroloji norma və qaydalara uyğun olaraq 948 ədəd ölçmə vasitəsi yoxlanılıb. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində 12 adda və 68 çeşiddə ölçülüb qablaşdırılmış malların, həmçinin muxtar respublika üzrə fəaliyyət göstərən 26 müəssisənin istehsal etdiyi Azərbaycan milli çörəyi və digər xüsusi hazırlanmış çörək məmulatlarının çəkisinə 242 halda metroloji nəzarət işi aparılıb, nöqsan aşkar olunmayıb.

Xarici bazarlara çıxış imkanlarının artırılması, xüsusilə diqqət mərkəzindədir. Xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, istehlak bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli məhsul istehsalının təmin edilməsi, ailə təsərrüfatları məhsullarının ixracına dəstək göstərilməsi üzrə verilmiş tapşırıqların icrası istiqamətində təsərrüfat subyektləri ilə 20 halda informativ xidmət üzrə müqavilə bağlanılaraq istehsal olunan məhsulların ixrac ediləcək ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda ixrac olunan məhsulların partiyalarla sertifikatlaşdırılmasının təmin edilməsi, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac ediləcək ölkələrdə beynəlxalq mühafizəsi üçün xidmətlər haqqında məlumatlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb. İxrac istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının yüksələn iqtisadi aktivliyi ardıcıl qaydada dəstəklənib, Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilib.

Hesabat ayında muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə fəaliyyətin təmin edilməsi üçün hazırlanan iş planına uyğun olaraq, ümumilikdə, 1428 qaz cihazına baxış keçirilib və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan 43 qaz cihazının idxalına icazə verilməyib. Ay ərzində, ümumilikdə, texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olmayan 147,5 manat dəyərində keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılıb.

Verilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.