REGİONLAR


Muxtar respublikada keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılıb

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələri icra edib. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət olunub və ötən ay bir dövlət orqanının qanunvericiliyə uyğun olmayan bir qərarı ləğv etdirilib, 5 dövlət orqanının 9 qərarı dəyişdirilib.

Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ay ərzində dövlət qulluğu və müəllimlərin işə qəbulu sahəsində komissiya tərəfindən təşkil olunan hazırlıq kurslarında, ümumilikdə, 122 nəfər iştirak edib.

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün “Azərbaycan Respublikasının dövlət qulluğu modeli” və “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsində islahatlar” mövzularında seminarlar təşkil edilib.

Müəllimlərin işə qəbulu üçün elan edilən müsabiqənin test imtahanları 31 avqust - 16 sentyabr tarixlərində keçirilib, müsabiqəyə 268 vakant vəzifə çıxarılıb. 186 vəzifənin tutulması üçün 746 namizəd müraciət edib, imtahanlarda 714 namizəd iştirak edib, 414 namizəd keçid balını toplayıb, onlardan 135 nəfər vakant vəzifələrə təyin olunub.

Sentyabrın 17-19-da dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqənin test imtahanları keçirilib. Müsabiqəyə çıxarılmış 193 vakant vəzifənin tutulması üçün 125 nəfər sənəd təqdim edib, test imtahanlarında iştirak edən 123 namizəddən 35 nəfər müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin müsahibə mərhələsi isə sentyabrın 24-25-də Naxçıvan Musiqi Kollecində keçirilib. Müsahibə mərhələsində 34 nəfər iştirak edib, 23 nəfər müvafiq keçid balını toplayaraq vakant vəzifələrə təyin olunub.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunan müsabiqənin test imtahanları sentyabrın 22-25-də keçirilib. 20 vakant vəzifənin tutulması üçün qeydiyyatdan keçmiş 184 namizəddən 176-sı test imtahanında iştirak edib, 22 nəfər müvafiq keçid balını toplayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin müsahibə mərhələsi 29 sentyabr tarixində keçirilib. Müsahibədə iştirak edən 6 nəfərdən 4-ü müvafiq keçid balını toplayaraq vakant vəzifələrə təyin olunub.

Sentyabr ayı ərzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 16 daxili müsahibədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlarının nümayəndə qismində iştirakları təmin edilib.

Ay ərzində ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ehtiyat kadrlar siyahısında olan 19 namizəddən 2-si işlə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.