REGİONLAR


Muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilib

Naxçıvan, 27 iyul, AZƏRTAC

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin məhsulu üçün muxtar respublikada 64 min 259 hektar sahədə əkin aparılıb.

Muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılıb və 2022-ci ilin məhsulu üçün 33 min 466 hektar sahədə taxıl əkilib ki, bunun da 32 min 567 hektarı payızlıq, 899 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 21 min 378 hektarında buğda, 12 min 88 hektarında isə arpa əkilib. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 745 hektar artıb. Hazırda taxıl zəmilərindən məhsul tədarükü davam etdirilir.

Cari ildə dən üçün qarğıdalı əkini sahəsi 1348 hektar olub. Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılıb və 2022-ci ildə 3 min 481 hektar sahədə kartof əkini aparılıb ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 11 hektar çoxdur.

2022-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülüb, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 74 hektar sahədə tütün əkini aparılıb.

Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılıb, cari ilin ilk yarım ilində 3 istixana təsərrüfatının və 1 soyuducu anbarın yaradılması, 4 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 2 soyuducu anbarın yaradılması davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.