REGİONLAR
Muxtar respublikada meliorasiya və irriqasiya tədbirləri davam etdirilir
Naxçıvan, 10 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən avqust ayında payız suvarma mövsümünə hazırlıqla əlaqədar tədbirlər həyata keçirilib, 9,3 kilometr beton və torpaq kanal, 11 kilometr ara arxlar və 4,6 kilometr kollektor lildən təmizlənib, 500 metr yeni açıq drenaj kanalı qazılıb, 64 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublika üzrə su istifadəçilərinə 31,48 milyon kubmetr su verilib, bunun müqabilində 26 min 662 hektar torpaq sahəsi suvarılıb.
Əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 400 metr məsafədə selə qarşı istiqamətləndirici bənd salınıb.
Mütərəqqi suvarma metodlarının tətbiqi sahəsində Kəngərli rayonunun Böyükdüz kəndində 800, Şahbuz rayonunun Türkeş kəndində 270 hektar ərazidə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 22 kilometr suvarma xətti çəkilib, 153 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılıb.
Muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində ötən ay 3,2 kilometr yeni içməli su xətti çəkilib, 5 kəhrizdə təmir-bərpa işləri davam etdirilib. Həmçinin suvarma və içməli su mənbəyi kimi istifadə olunan 96 subartezian quyusunda təmir işləri aparılıb.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur rayonunun Sərxanlı kəndində 2,6 kilometr su, Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 1,6 kilometr su və 4,2 kilometr kanalizasiya, Sədərək rayonunda 1 kilometr su, 5 kilometr kanalizasiya, Kəngərli rayonunun Qarabağlar və Qabıllı kəndlərində 12 kilometr su xətti çəkilib, 2 subartezian quyusu qazılıb.