REGİONLAR
Muxtar respublikada mövcud olan 42 soyuducu anbara kənd təsərrüfatı məhsullarının tədarükü davam etdirilir
Naxçıvan, 29 oktyabr, AZƏRTAC
Cari ilin ötən dövrü ərzində muxtar respublikada tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanması üçün soyuducu anbar komplekslərinin tikilərək istifadəyə verilməsi və genişləndirilməsi diqqətdə saxlanılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə həmin sahənin inkişafına 2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 351 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Bu gün muxtar respublikada sahibkarların şəxsi investisiyası və dövlət maliyyə dəstəyi hesabına yaradılan 42 soyuducu anbarın ümumi tutumu 19 min 390 tondur. Payız-qız mövsümünə hazırlıqla əlaqədar Naxçıvan şəhəri, Şərur, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarındakı soyuducu anbarlara meyvə-tərəvəz məhsullarının tədarükü davam etdirilir. Cari ilin tədarük dövründə həmin anbarlara 6 min 921 ton kartof, 277 ton soğan, 531 ton alma, 150 ton üzüm tədarük olunub. Payız mövsümünün sonunadək bu anbarlara daha çox kənd təsərrüfatı məhsullarının tədarük ediləcəyi gözlənilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən meyvə və tərəvəz məhsullarının nağd alınaraq tədarük olunması yerli istehsalçıların fəaliyyətini stimullaşdırmaqla yanaşı, əkin sahələrinin genişləndirilməsində də böyük rol oynayır. Cari ildə anbara dəyəri nağd ödənilməklə 1 min 111 ton kartof, 250 ton soğan, 20 ton alma tədarük olunub.
Muxtar respublikada əhalinin meyvə və tərəvəz məhsullarına artan tələbatı, yeni əkinəyararlı torpaq sahələrinin istifadəyə verilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalının yüksəlməsi, aqrar sektorda intensiv metodların tətbiq olunması ilə məhsuldarlığın günbəgün artması soyuducu anbarların sahələrinin genişləndirilməsini zəruri edir. Bu məqsədlə cəmiyyət tərəfindən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit vəsaiti hesabına qurulması nəzərdə tutulan 800 ton tutumlu yeni soyuducu anbarın layihələndirmə işləri tamamlanmış və tikintisinə başlanılıb.
Həmçinin soyuducu anbarlara tədarük olunan məhsulların keyfiyyət göstəricilərinin keyfiyyət standartlarının tələblərinə uyğunluğuna nəzarət nazirliyin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən həyata keçirilir. Cari ilin ötən tədarük dövründə laboratoriya tərəfindən 33 halda kartof, soğan və alma məhsullarından nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib, onların normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.