REGİONLAR
Muxtar respublikada müasir infrastrukturun yaradılması turizmin inkişafına təkan verir
Naxçıvan, 16 oktyabr, AZƏRTAC
Qədim diyarımız Naxçıvanın geniş turizm potensialı var və bu, turizmin bir çox növünün inkişafına zəmin yaradır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində “Turizm könüllüləri” layihəsinə qoşulan tələbələrin iştirakı ilə “Müstəqillik illərində turizm sahəsində qazanılmış uğurlar” mövzusunda keçirilən dəyirmi masada danışılıb.
Tədbirdə departamentin direktoru Əkbər Novruzov çıxış edərək bildirib ki, dövlətimizin diqqət və qayğısı nəticəsində son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan verib. Bunun nəticəsində muxtar respublikaya üz tutan turistlərin sayı ilbəil artır.
Əkbər Novruzov turizm sahəsində yaradılan müasir infrastruktur, turizm obyektləri və Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri haqqında iştirakçılara ətraflı məlumat verərək deyib ki, müxtəlif ölkələrdə keçirilən sərgilərdə Naxçıvanın da iştirakının təmin olunması beynəlxalq turizm bazarında mövqeyinin möhkəmləndirilməsi işində xüsusi rol oynayır.
Tədbirdə “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov, Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova və “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dosenti Əli Cabbarovun çıxışları dinlənilib.
Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrinin də iştirak etdiyi tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.