REGİONLAR


Muxtar respublikada müasir səhiyyə sistemi formalaşdırılıb

Naxçıvan, 17 iyun, AZƏRTAC

Naxçıvanda 200-dən artıq səhiyyə müəssisəsi tikilib, ən son tibbi avadanlıqlarla
təmin olunub

 

Sağlamlığın qorunması və təmin olunması, “sağlam insan, sağlam cəmiyyət” prinsipinin əsas götürüldüyü muxtar respublikada bu istiqamətdə mühüm tədbirlər görülür. Əhalinin sağlamlığının qorunması istiqamətində tibbi profilaktikanın genişləndirilməsi, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası daim diqqətdə saxlanılır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, müstəqillik illərində muxtar respublikada 200-dən artıq səhiyyə müəssisəsi tikilib, ən son tibbi avadanlıqlarla təmin olunub. Təkcə bu ilin ötən dövründə Şərur Rayon Çərçiboğan kənd həkim ambulatoriyası və “İmplant Dent Naxçıvan” Özəl Stomatoloji Klinikası tikilib və ya yenidən əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Quruculuq işlərinin davamı kimi hazırda Naxçıvan Şəhər Darıdağ Arsenli Su Müalicəxanası, Ordubad Rayon Ağrı və Xanağa feldşer-mama məntəqələri, Babək rayon Vayxır kənd həkim ambulatoriyasında tikinti, Axura kənd həkim ambulatoriyasında isə əsaslı təmir işləri aparılır. Naxçıvan Muxtar Respublikasında səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması yalnız bir məqsədə – əhalinin sağlamlığının qorunmasına xidmət edir.

Muxtar respublikanın bölgələrində keyfiyyətli tibbi xidmət göstərilir

Səhiyyə sistemi qarşısında qoyulan vəzifələrdən biri də budur ki, insanlar tibbi yardımı yerlərdə ala bilsinlər, hər bir müayinə və tibbi müdaxilə üçün Naxçıvan şəhərinə, başqa yerlərə getmək məcburiyyətində olmasınlar. Muxtar respublikada artıq belə şərait yaradılıb. Rayon mərkəzi və kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri müasir tələblər səviyyəsində qurulub, tibbi avadanlıqlarla təchiz edilib və həmin avadanlıqlarda işləyə biləcək kadrlar yetişib. Əminliklə demək olar ki, artıq vətəndaşların hər kənddə, rayon mərkəzlərində keyfiyyətli tibbi yardım alması mümkündür.

Tibb işçilərinin işə qəbulu müsabiqə yolu ilə aparılır

Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin kadr potensialının artırılması, bu sahənin savadlı və yüksək bilikli kadrlarla zənginləşdirilməsi, eləcə də muxtar respublikanın tibb müəssisələrində fəaliyyət göstərən həkim və orta tibb işçilərinin ixtisasları üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi diqqətdə saxlanılıb, bu istiqamətdə görülən işlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyanın aparılması Qaydaları” haqqında Qərarına uyğun olaraq ötən dövrdə tibb işçilərinin işə qəbulu müsabiqə yolu ilə aparılıb.

Kadr hazırlığı istiqamətində yeni nailiyyətlər əldə olunur

Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi sahəsində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Tibb Kolleci Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə hamiliyə verilib. Həyata keçirilən tədbirlər nəticəsində Səhiyyə Nazirliyi ilə bu təhsil müəssisələri arasında əlaqələr daha da genişlənib. Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Naxçıvan Tibb Kollecinin tələbələri qrafikə uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən tibb müəssisələrində təcrübə keçir, elmi biliklərini daha da dərinləşdirmək üçün nəzəri biliklərə də yiyələnirlər. Hazırda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həm bakalavr, həm də rezidentura üzrə həkim hazırlığı, Naxçıvan Tibb Kollecində isə orta tibb işçilərinin hazırlığı həyata keçirilir.

Səhiyyə işçilərinin tibbin müxtəlif profilləri üzrə müasir elmi biliklərinin artırılması məqsədilə elmi-praktik seminar və konfransların təşkili ilə yanaşı, Naxçıvan Dövlət Universiteti və Tibb Kollecində təhsil alan gələcəyin tibb işçiləri üçün də yüksəkixtisaslı həkimlər tərəfindən təlimlərin keçirilməsi diqqətdə saxlanılıb, universitetin Tibb fakültəsinin müasir tələblərə cavab verən xəstəxanasında tələbələr nəzəri biliklərlə yanaşı, praktik biliklərini də zənginləşdirə bilirlər. Yaradılan şəraitin və görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada yüksək tibbi bilik və bacarıqlara yiyələnən həkim və orta tibb işçiləri nəinki muxtar respublikada, eləcə də ölkədə və xarici ölkələrdə öz ixtisasları üzrə seçilən tibb işçiləri kimi fəaliyyət göstərirlər.

Muxtar respublikanın tibb müəssisələrində 718 həkim, 2196 orta tibb işçisi çalışır

Hazırda muxtar respublikada 215 tibb müəssisəsi fəaliyyət göstərir ki, həmin tibb müəssisələrində 718 həkim, 2 min 196 orta tibb işçisi çalışır. Muxtar respublikada tibb müəssisələrində fəaliyyət göstərən tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksək olmasının nəticəsidir ki, artıq Naxçıvanda TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, göz və digər mürəkkəb cərrahi əməliyyatlar aparılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır”.

Dispanserizasiya işi yaxşılaşdırılıb, əhalinin kütləvi müayinələrdən keçirilməsi təmin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dispanserizasiya işinin yaxşılaşdırılması, əhalinin kütləvi müayinələrdən keçirilməsini təmin etmək məqsədilə həkim briqadaları yaradılıb ki, bu gün də həmin briqadalar sayəsində muxtar respublikanın ən ucqar kəndlərində belə əhaliyə yüksəkixtisaslı həkimlər tərəfindən müayinə və müalicələr tətbiq edilir. Proqramın icrası cari ildə də diqqətdə saxlanılıb, muxtar respublikanın şəhər və rayonlarında uşaqlar qeydiyyata alınaraq dərindən tibbi müayinələrə cəlb olunub, dispanser nəzarətə alınan uşaqların müvafiq ixtisas həkimləri tərəfindən müayinəsi aparılıb.

Uşaqların sağlamlığı diqqət mərkəzindədir

Muxtar respublikada bütün kateqoriyalardan olan uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğı göstərilir, onların yüksək səviyyədə təhsil almaları, asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, vaxtlı-vaxtında müayinə və müalicələrə cəlbi, cəmiyyətə inteqrasiyası və sosial statusunun bərpası istiqamətində də ardıcıl tədbirlər görülür. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” bu istiqamətdə aparılan məqsədyönlü tədbirlərin təşkilini daha da sürətləndirir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən proqramın icrası ilə əlaqədar mütəmadi olaraq uşaqların sağlamlığı istiqamətində əhəmiyyətli işlər görülür, sağlamlıq imkanları məhdud olan uşaqlar dispanser qeydiyyata alınaraq nəzarətə götürülür, onların dərin tibbi müayinəsi aparılır.

Elektron xidmətlər təkmilləşdirilib

“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq səhiyyə sistemində elektron xidmətlər təkmilləşdirilir. Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərişlər onlayn sistemə keçirilib. Bu sistem sağlamlıq imkanları məhdudluq dərəcəsinin qiymətləndirilməsində vətəndaş-ekspert təması olmadan, elektron müstəvidə və şəxsin kimliyi, göndəriş verən təşkilatın hansı səhiyyə qurumu olduğu bilinmədən anonim olaraq, xəstəliyi əks etdirən tibbi sənədlər əsasında şəffaf şəkildə həyata keçirilməsinə imkan yaradır.

İcbari tibbi sığorta uğurla tətbiq olunur

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində icbari tibbi sığortanın tətbiqi mühüm şərtdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 mart tarixli “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, hər bir vətəndaş üçün əlçatan olması baxımından mühüm əhəmiyyət daşıyır. Tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə muxtar respublika əhəmiyyətli xəstəxanalar, rayon mərkəzi xəstəxanaları, qəsəbə və kənd sahə xəstəxanalarının hamısı publik hüquqi şəxs statusu alıb, burada işçilərin əməkhaqları 50 faiz artırılıb.

Yaradılan şəraitin nəticəsidir ki, icbari tibbi sığortanın tətbiqi ilə muxtar respublikada göstərilən tibbi xidmətin keyfiyyəti artırılıb, mərkəzi xəstəxanalarda müvafiq şöbələr yenidən təşkil edilərək tibb müəssisələrində “Səhiyyə İnformasiya İdarəetmə Sistemi” yaradılıb. Hazırda muxtar respublikada icbari tibbi sığortanın tətbiqi uğurla davam etdirilir. Vətəndaşlar tərəfindən müraciət edilmiş tibb müəssisələrində lazımi tibbi xidmətin göstərilməsi mümkün olmadıqda müəssisə tərəfindən onlar ehtiyacı olan tibbi xidmətlərin göstərildiyi uyğun tibb müəssisələrinə göndərilir ki, həmin müəssisələrdə də tibbi sığorta hesabına vətəndaşların müayinə və müalicələri həyata keçirilir.

Profilaktik və əks-epidemik tədbirlər mütəmadi olaraq davam etdirilir

Muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsi kimi gigiyena və epidemiologiya tədbirlərinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin fəaliyyəti təmin edilib, yeni binalar istifadəyə verilib, avadanlıqlar alınıb, müasir laboratoriyalar qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamına əsasən təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” da bu sahədə fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Proqramın icrası ilə əlaqədar verilmiş tapşırıqların yerinə yetirilməsi məqsədilə muxtar respublikada əks-epidemik tədbirlər çərçivəsində sanitar-epidemioloji xidmətin fəaliyyəti yenidən qurularaq günün tələbləri səviyyəsinə çatdırılıb, yaşayış məntəqələrində və əhalinin sıx olduğu yerlərdə qrafikə uyğun dezinfeksiya işləri aparılıb, idarə, müəssisə və təşkilatların inzibati binaları və xidmət sahələri mərhələli şəkildə dezinfeksiya olunub. Hazırda Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon şöbələri tərəfindən muxtar respublikanın şəhər və rayonlarında hər hansı yarana biləcək infeksiyaların qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qrafik əsasında dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Muxtar respublikanın təbii şəfa mənbələrinə maraq artıb

Səhiyyə turizmi də daim diqqətdə saxlanılır. Tənəffüs yolları və dəri xəstəlikləri üçün nadir müalicəvi əhəmiyyəti ilə seçilən Duzdağ Fizioterapiya Mərkəzində və Darıdağ Arsenli Su Müalicəxanasında hər il ölkə və bir çox xarici ölkə vətəndaşları müalicə olunurlar. Hazırda tikintisi davam edən Darıdağ Arsenli Su Müalicəxanası və İstirahət Kompleksi, həmçinin “Darıdağ” Termal Hotelin tikintisi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən səmərəli şəkildə istifadəyə şərait yaradacaq.

Səhiyyə işçilərinin əməyi yüksək qiymətləndirilir

Bu gün muxtar respublikada insan sağlamlığının əmanət edildiyi tibb işçilərinə xüsusi qayğı göstərilir, bu sahədə fəaliyyət göstərən həkim və orta tibb işçilərinin əməyi daim yüksək qiymətləndirilir. Müstəqillik illərində muxtar respublikada fəaliyyət göstərən və əhalinin sağlamlığının qorunması sahəsində xüsusi xidmətlərinə görə seçilən səhiyyə işçiləri xüsusi adlarla təltif edilmişdir ki, onlardan 25-i “Tərəqqi” medalı, 20-si “Azərbaycan Respublikasının Əməkdar həkimi”, 46-sı “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi”, 10-u “Azərbaycan Respublikasının Əməkdar tibb işçisi”, 16-sı “Naxçıvan Muxtar Respublikasının Əməkdar tibb işçisi” fəxri adları, 14-ü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı, 54-ü Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı, 1-i “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 15-i Azərbaycan Respublikasının “Səhiyyə əlaçısı” döş nişanı, 9-u isə Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Peşə bayramını yüksək nailiyyətlərlə qeyd edən tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.