REGİONLAR
Muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılıb
Naxçıvan, 3 iyun, AZƏRTAC
Bu gün Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsinin inkişafı üçün əlverişli imkanlar yaradılıb. Dövlət orqanlarının maddi-texniki bazası gücləndirilib, dövlət qulluqçularının fəaliyyəti üçün lazımi iş şəraiti yaradılıb, müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda keçirilən seminarda mərkəzin sədri İsmayıl Qəribli deyib.
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən İsmayıl Qəribli bildirib ki, seminarın məqsədi dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları haqqında dövlət orqanlarının səlahiyyətli nümayəndələrinə məlumat verməkdir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən həyata keçirilir.
“Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 may tarixli 115 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası” təsdiq edilib”, - deyən mərkəzin sədri bildirib ki, bu Qaydaya əsasən dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər il inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilir. Əvvəlki qaydalardan fərqli olaraq hazırda dövlət qulluqçusu ilin əvvəlində qoyulmuş tapşırıqlar, peşə fəaliyyəti zamanı və iş prosesində bacarıqlarını dəyərləndirmək üçün əsas götürülən meyarlar və əmək intizamına əməl etmə vəziyyətinə əsasən dəyərləndirilir. Qiymətləndirilmənin nəticəsinə əsasən dövlət qulluqçusu dövlət orqanının rəhbəri tərəfindən mükafatlandırıla, dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi verilə və ya aşağı inzibati vəzifəyə keçirilə bilər.
Daha sonra Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Məmməd Babayev slayd vasitəsi ilə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin yeni qaydaları haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.
Seminarın sonunda müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, iki seansda keçirilən seminarda, ümumilikdə, 37 dövlət orqanını təmsil edən nümayəndələr iştirak edib.