REGİONLAR
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir
Naxçıvan, 25 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində tədbirlər ötən il də uğurla davam etdirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Naxçıvan şəhərində Mərkəzi Hospitalın, qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, hərbi aerodromun, təlim meydanının və Türkiyə-Naxçıvan Dostluq Parkının tikintisi başa çatdırılıb, hərbi zavodun və üç anbarın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib. Culfa rayonunda əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılıb. Şahbuz rayonunda iki əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılıb, yaşayış binasının tikintisi davam etdirilib.
Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının şəhərciyində yaşayış binasının yenidən qurulması başa çatdırılıb, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman zalının və Nehrəm Təlim Mərkəzinin yenidən qurulması, diviziyada əsgər yataqxanasının təmiri davam etdirilib. Şərur rayonunda 6-cı Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksinin tikintisi başa çatdırılıb. Həmçinin 5-ci Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi, 1-ci Sərhəd Komendantlığı binasının yenidən qurulması davam etdirilib. Əlahiddə Ümumqoşun Orduya “Mitsubishi L200”, Əlahiddə Sərhəd Diviziyasına “Niva” markalı xidməti avtomobillər təqdim olunub.
Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə iki ailəyə mənzil, bir ailəyə isə xidməti mənzil verilib.