REGİONLAR


Muxtar respublikada ötən il 20 yeni arıçılıq təsərrüfatı yaradılıb, 1485 ton bal istehsal olunub

Naxçıvan, 1 mart, AZƏRTAC

Son illər muxtar respublikada arıçılığın inkişafı daim diqqətdə saxlanılıb. Arıçılığın inkişafı üzrə həyata keçirilən tədbirlərin nəticəsidir ki, 1 yanvar 2021-ci il tarixə muxtar respublikada 99 min 935 arı ailəsi mövcud olub. Bu da 2010-cu ilin sonu ilə müqayisədə 89,7 faiz çoxdur. Sahibkarlar pulsuz dərman preparatları ilə təmin olunub, beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar keçirilib.

Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sahibkarların maliyyə vasitələrinə çıxış imkanları daha da yaxşılaşdırılıb, təkcə 2020-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 528 min manat məbləğində kredit verilib. 2020-ci ildə 20 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 3 arıçılıq təsərrüfatının yaradılması işləri davam etdirilib. Ümumilikdə, son beş ildə təsərrüfat subyektlərinə 1 milyon 857 min 200 manat kredit verilib.

Arıçılara saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi, muxtar respublikanın əlverişli təbii – iqlim şəraiti, zəngin yem ehtiyatları bazası arıçılığın inkişaf etdirilməsinə, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin təsis edilməsi arıçılıqla məşğul olan istehsalçıların fəaliyyətinin tənzimlənməsinə geniş imkanlar yaradıb.

Arıçılığın inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq üçün mühüm tədbirlər həyata keçirilib. Həmin tədbirlərin reallaşdırılması yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasına, muxtar respublika əhalisinin arıçılıq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan yaratmaqdadır. Muxtar respublikada son dövrlər davamlı olaraq keçirilən “Arıçılıq məhsulları – bal festivalı” arıçılıq məhsullarının istehsalının artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərib.

Arıçılığın inkişafı üzrə həyata keçirilən tədbirlərin nəticəsidir ki, 1 yanvar 2021-ci il tarixə muxtar respublikada 99 min 935 arı ailəsi mövcud olub. Bu da 2010-cu ilin sonu ilə müqayisədə 89,7 faiz çoxdur.

2020-ci ilin sonuna ümumi arı ailələrinin 12 min 964-ü Şərur, 14 min 956-sı Babək, 18 min 927-si Ordubad, 18 min 632-si Culfa, 2 min 194-ü Kəngərli, 26 min 879-u Şahbuz, 901-i Sədərək rayonlarının, 4 min 482-si isə Naxçıvan şəhərinin payına düşüb.

Arı ailələrinin artımı məhsul istehsalına müsbət təsir edib, 2020-ci ildə muxtar respublikada 1485 ton bal istehsalı qeydə alınıb. Bal istehsalı 2010-cu illə müqayisədə 2,1 dəfə artıb.

Mühüm qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi olan arıçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamlılığı yerli istehsalın şaxələndirilməsinə və sahibkarlığın inkişafına yeni imkanlar yaratmaqdadır.

Qeyd edək ki, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəaliyyət sahəsidir. Arıçılıq əhalinin səmərəli məşğulluğunun təmin edilməsi ilə yanaşı, bitkiçiliyin inkişafında da mühüm rol oynayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.