REGİONLAR


Muxtar respublikada ötən il 72 heyvandarlıq təsərrüfatı yaradılıb, 15 təsərrüfat genişləndirilib

Naxçıvan, 27 yanvar, AZƏRTAC

Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı ötən il də diqqətdə saxlanılıb, 72 heyvandarlıq təsərrüfatının yaradılması, 15 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 22 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2021-ci ildə 14 milyon 995 min 400 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 33,8 faiz çoxdur.

Muxtar respublikada süni mayalanma işlərini günün tələbləri səviyyəsində təşkil etmək və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılıb və mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilib.

2021-ci ildə heyvandarlıq təsərrüfatlarında 12052 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövrdə 12824 baş sağlam bala alınıb.

Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli Fərmanının icrası bu sahənin inkişafına yeni imkanlar yaradacaqdır.

Bu il yanvarın 1-nə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 120 min 170 baş, qoyun və keçilərin sayı 735 min 908 baş olub ki, bu da 2,1 və 2,5 faiz çoxdur.

Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb.

2021-ci ildə muxtar respublikada diri çəkidə 30228,9 ton ət, 88564,1 ton süd istehsal olunub ki, bu da 2020-ci illə müqayisədə 3,5 və 1,4 faiz çoxdur.

Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilib, 2021-ci ildə Şərur rayonunun Şəhriyar, Çərçiboğan, Dərvişlər, Babək rayonunun Araz, Göynük, Ordubad rayonunun Nüsnüs, Aşağı Əndəmic, Yuxarı Əndəmic, Dırnıs və Vələver kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılıb, Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi davam etdirilib.

Qeyd edək ki, muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.