REGİONLAR
Muxtar respublikada özəl baytarlıq klinikalarının yaradılmasına dəstək veriləcək
Naxçıvan, 18 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti muxtar respublikada özəl baytarlıq klinikalarının yaradılmasına dəstək verəcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı məsələlər “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nda öz əksini tapıb.
Proqramda qeyd edilib ki, keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları istehsalında baytarlıq xidmətinin təşkili əsas vəzifələrdəndir. Bu amil nəzərə alınaraq muxtar respublikada baytarlıq xidməti müasir tələblərə uyğun qurulub, maddi-texniki baza möhkəmləndirilib, ixtisaslı kadr hazırlığına başlanıb, kəndlərdə baytarlıq məntəqələrinin fəaliyyəti təmin olunub. Lakin heyvanların, quşların və arı ailələrinin sayının artması, həmçinin muxtar respublikanın yerləşdiyi coğrafi mövqe baytarlıq xidmətinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsini və bu sahə üzrə dövlət proqramının qəbul olunmasını zərurətə çevirib.