REGİONLAR
Muxtar respublikada özünüməşğulluğun təmin edilməsi istiqamətində sosial layihələr icra edilir
Naxçıvan, 28 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublika üzrə, ümumilikdə, 22 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib, 15 nəfərə yanında balası olan iribuynuzlu, 5 nəfərə yanında balası olan xırdabuynuzlu mal-qara, 1 nəfərə inkubator və tüktəmizləyici aparat, 1 nəfərə isə dərzi avadanlıqları verilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub. Bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.
Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra çıxışlar olub. Aktivlər verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Tədbirdə iştirak edənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.