REGİONLAR


Muxtar respublikada payız mövsümü ilə əlaqədar tibbi müayinələr aparılır

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin payız mövsümünün dərin tibbi müayinələri oktyabrın 8-dən 31-dək keçirilir. Müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Hazırda tibbi müayinələr muxtar respublikanın hər bir yaşayış məntəqəsini əhatə edir.

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən isə bu il payız mövsümündə Naxçıvan şəhərinin 20 tam orta məktəbinin şagirdləri dərin tibbi müayinələrə cəlb ediləcək. Bu məqsədlə orta məktəblərdə çalışan tibb işçiləri xəstəxananın poliklinika şöbəsinə dəvət olunub, lazımi izahatlar verilib. Şagirdlər əvvəlcədən məktəb həkimləri tərəfindən müayinələrdən keçərək qruplaşdırılıblar.

Müayinələr ixtisaslı həkimlərdən ibarət briqada tərəfindən aparılır. Həftə ərzində dərin tibbi müayinələr Naxçıvan şəhərindəki 1, 2, 3, 4, 5, 7, 8 nömrəli tam orta məktəbləri və Qızlar Liseyini əhatə edib. Həmin məktəblərdə 4 min 92 şagird tibbi müayinədən keçirilib. Tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi təmin olunur və sağlamlaşdırıcı tədbirlər aparılır, profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin elektron qeydiyyat sistemi təkmilləşdirilir, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə işi gücləndirilir. Aşkar edilmiş xəstəliklərlə bağlı şagirdlərin kompleks müayinəsi üçün müvafiq səhiyyə müəssisələrinə göndərilməsinə göstəriş verilir.

X X X

Əziz Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası Şərur rayonunun Tənənəm kəndində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib.

Pediatr, stomatoloq, nevropatoloq, həkim rezident və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 30 uşağa tibbi xidmət göstərib, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. Valideynlər arasında səhiyyə maarifi işi aparılıb, “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” haqqında məlumat verilib. Uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.

Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik kömək göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.