REGİONLAR
Muxtar respublikada payız suvarma mövsümünə hazırlıq görülür
Naxçıvan, 20 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən payız suvarma mövsümünə hazırlıqla əlaqədar tədbirlər görülür.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq ötən ay 4,7 kilometr magistral kanal, 44 kilometr ara arxları, 2,13 kilometr kollektor lildən təmizlənib. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının təsirindən qorumaq məqsədilə 2,64 kilometr məsafədə selə qarşı istiqamətləndirici bənd salınıb.
Mütərəqqi suvarma metodlarının tətbiqi sahəsində görülən tədbirlər avqust ayında da davam etdirilib. Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin ərazisini əhatə edən 107 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilib, müxtəlif diametrli borularla 2 min 380 metr boru xətti quraşdırılıb. Babək rayonunun Kültəpə kəndinin torpaq sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün görülən işlər isə davam etdirilir. Bundan başqa, Şahbuz rayonunun Kükü kəndindəki “Qanlı göl” su anbarının suburaxıcı qülləsində əsaslı təmir işlərinə başlanılıb.
Muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində avqust ayında 2,8 kilometr yeni içməli su xətti çəkilib, 6 kəhrizdə təmir-bərpa işləri davam etdirilib. Həmçinin suvarma və içməli su mənbəyi kimi istifadə olunan 79 subartezian quyusunda təmir işləri aparılıb, Şərur rayonunun Qarxun kəndində 1 ədəd yeni subartezian quyusu qazılaraq istismara verilib.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Babək rayonunun Şıxmahmud kəndində müxtəlif diametrli borularla 2 min 660 metr kanalizasiya və 7 min 14 metr su xətti çəkilib. Ordubad şəhərində isə müxtəlif diametrli borularla 275 metr su və 2117 metr kanalizasiya quraşdırılıb.