REGİONLAR


Muxtar respublikada pensiyaların artımla birlikdə maliyyələşdirilməsi başa çatdırılıb

Naxçıvan, 13 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları pensiyaların sığorta hissəsinin artırılması prosesini başa çatdırıb. Yanvar ayının artımları da daxil olmaqla, fevral ayının pensiya ödənişində əmək pensiyaçılarına ödənilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, fond tərəfindən muxtar respublika üzrə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kimi əmək pensiyası alan pensiyaçılar istisna olmaqla, 46 min 388 əmək pensiyaçısına və ya pensiyaçıların 92,3 faizinə şamil edilib. Bu artımların həyata keçirilməsi məqsədilə fondun büdcəsindən hər ay 1 milyon 250 min manata yaxın əlavə vəsait ayrılıb.

Muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən, əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublikada fərdi uçot sistemində qeydiyyatda olan 179 min 649 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı məbləğləri də indeksləşdirilməklə 2,8 faiz artırılması elektron qaydada həyata keçirilib. Bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir. Belə ki, onların fərdi hesablarındakı pensiya kapitalının həcmi təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək də artırılır. Bu isə sığortaolunanların gələcəkdə yüksək pensiya ilə təmin olunmasına müsbət təsir göstərir.

Qeyd edək ki, ötən il orta aylıq nominal əməkhaqqı əhəmiyyətli dərəcədə yüksəlib. Bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq 2021-ci ildə pensiyaların sığorta hissəsinin həmin faiz qədər indeksləşdirilərək artırılmasını şərtləndirir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında ” 5 fevral 2021-ci il tarixli Sərəncamına əsasən, əmək pensiyalarının sığorta hissəsi ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 1 yanvar tarixinə 11,4 faiz artırılıb. Bu artım pensiyaçıların rifahına ciddi dəstək olan tədbirlərin cari ildə də davam etdiyini göstərir.

Həmin sərəncamda nəzərdə tutulan tapşırıqların operativ qaydada icra edilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.