REGİONLAR
Muxtar respublikada pensiyaların artımlarla birlikdə maliyyələşdirilməsi təmin olunub
Naxçıvan, 17 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə 2019-cu il oktyabr ayının pensiya ödənişi vaxtından əvvəl maliyyələşdirilib, əmək pensiyaçılarına pensiyalar plastik bankomat kartları və poçt bölmələri vasitəsilə artımla birlikdə ödənilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilib, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsait köçürülüb.
Fondun yerli orqanları tərəfindən 2019-cu il 1 oktyabr tarixindən əmək pensiyalarının minimum məbləği 160 manatdan 200 manata çatdırılıb və muxtar respublika üzrə, ümumilikdə, 26 min 758 əmək pensiyaçısının pensiyasında artım olub. Bu artımların ödənilməsində fondun büdcəsindən 772 min 300 manat əlavə vəsait yönəldilib.